Əri tərəfindən şiddət görən qadın evdən qaçıb - Gəncədə baş vermiş OLAYIN təfərrüatı 

Hazırda oxunan: Əri tərəfindən şiddət görən qadın evdən qaçıb - Gəncədə baş vermiş OLAYIN təfərrüatı 

80464

Gəncə şəhərində 1990-cı il təvəllüdlü şəhər sakini Samir şəxsi münaqişə zəminində arvadı Sevdaya (adlar şərti verilib – red.) xəsarətlər yetirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il martın 8-də Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küçəsində baş verib.  

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Gəncə Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Rasim Kazımovun sədrliyi ilə baxılıb.  

“Tez qayıtmasını bildirdim” 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gəncə şəhəri Qəmərli küçəsində yeni həyət evlərində ailə üzvlərilə birlikdə yaşayır:  

“Sevda ilə 2013-cü ildə ailə qurmuşam. Rəsmi nikaha daxil olmamışıq. 3 az yaşlı övladımız var. Sevda ilə normal münasibətlərimiz olub”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 6-da Sevda ona Bakı şəhərinə anası evinə getmək istədiyini deyib:  

“Mən etiraz etmədim. Sevdanı anası evinə qızımla birlikdə Bakı şəhəri, Qobustan qəsəbəsinə yola saldım. Həmin vaxt 18 manat avtobusa bilet üçün, əlavə olaraq 20 manat da Sevdanın özünə verdim. Sevdanı yola salan zaman isə evdə qalan 2 az yaşlı uşaqla olan vəziyyətə görə tez qayıtmasını bildirdim”. 

“Söz-söhbət olmadı” 

Samir qeyd edib ki, martın 7-də Sevdaya zəng edib və uşaqların narahat olduqlarını deyib:  

“Bu səbəbdən Sevdanın bir az tez gəlməsini söylədim. Həmin gün saat 17 radələrində Sevda Gəncə şəhərinə qayıtdı. Həmin vaxt Sevda anası evindən tez qayıtmasına görə bir az incimişdi. Həmin gün aramızda heç bir söz-söhbət olmadı”. 

“Telefonu əlindən almağa çalışdım” 

Samir bildirib ki, martın 8-də işdən evə tez gəlib:  

“Həmin vaxt Sevdanın evin həyətində telefonla kiminləsə yazışdığını gördüm. Onu mənə yemək verməsi üçün evə çağırdım. Sevda evə gəldi. Lakin başının ağrımasını əsas gətirərək mənə yemək vermədi. Həmin vaxt əlində olan telefonla yazışması məni narahat etdiyindən telefona baxmaq üçün istədim. Lakin telefonu vermədi və yenidən həyətə çıxdı. Həmin vaxt anam mətbəxdə olduğu üçün söhbətimizdən xəbəri olmayıb. Sevdanın arxasınca həyətə çıxdım və yenə telefonunu verməsini tələb etdim.

O, israrla telefonu vermək istəmədiyi üçün əsəbiləşdim, sifətinə yumruqla vurdum və telefonu əlindən almağa çalışdım. Həmin vaxt anam həyətə çıxdı və Sevdanı vurduğuma görə məni danladı. Sonra Sevda öz otağına getdi. Mən isə yemək yedikdən sonra işə getdim”.  
“Pəncərədən qaçdığını bildirdi” 

Təqsirləndirilən şəxs bildirib ki, martın 9-da səhər tezdən yenidən işə gedib: 

“Həmin gecə işlə bağlı evə gələ bilmədim. Martın 10-da saat 09 radələrində Sevda mənə evdən gedəcəyi, uşaqları da istəmədiyi barədə mesaj yazdı. Anama zəng etdim və bu barədə məlumat verdim. Anamdan Sevdaya məni gözləməsini, özüm onu yola salacağımı deməsini istədim. Həmin gün saat 15 radələrində evə gələn zaman isə Sevdanı görmədim. Anam Sevdanın pəncərədən qaçdığını bildirdi. Bundan sonra Sevdanı görmədim”.  

“Qaynanam atmacalı sözlərlə qarşıladı” 

Zərərçəkmiş Sevdanın sözlərinə görə, martın 5-də Samirdən 2 günlük anası evinə getməsinə icazə verməsini xahiş edib:  

“Samir də razılıq verdi və ertəsi gün məni anamın evinə yola saldı. Bir gün sonra Samir zəng etdi, uşaqların evdə naratlıq yaratdığını əsas gətirdi və geri qayıtmağımı tələb etdi. Samirə etiraz etmədim və Gəncə şəhərinə gəldim. Həmin vaxt Samirin mənimlə kobud rəftar etdiyini hiss etdim. Ona dedim ki, əgər belə olacaqsa, uşaqları da özümlə aparmağa imkan verərdin. Sonra evə gəldik. Evdə qaynanam da məni atmacalı sözlərlə qarşıladı. Lakin ona cavab vermədim”. 

“Məni sürüyə-sürüyə evə qaytarmağa çalışdı” 

Zərərçəkmiş qeyd edib ki, martın 8-də evdə olan zaman Samir onu təhqir etməyə başlayıb:  

“Ondan təhqir etməsinin səbəbini soruşdum. Samir anam evindən qayıdan zaman əliboş gəlməyimə əsəbiləşdiyini bildirdi. Samirin ailəm haqqında dediklərini həzm edə bilmədim. Ona ayıbdır, danışığına fikir verməsimi dedim. Samir özündən çıxdı və məni döydü. Həmin vaxt ani olaraq huşumu itirdim. Özümə gələn kimi həyətə çıxdım.  

Evin həyətində olan çarpayının üzərində oturdum. Sonra Samir arxamca gələrək məni məcbur evə qaytarmaq istədi. Qayıtmaq ismədiyimi desəm də, Samir məni sürüyə-sürüyə evə qaytarmağa çalışdı. Həmin vaxt sol əlimin baş barmağını sındırdı. Məni evə gətirəndən sonra yenə də döydü. Həmin vaxt qaynanam Samirin məni döyməsinə sevinən kimi oldu. Bir qədər sonra bizi ayırdı. Sonra otağıma keçdim. Otağımda olan zaman Samir gəldi və mobil telefonumu əlimdən aldı ki, anama bu barədə məlumat verə bilməyim”.  

Zərərçəkmiş deyib ki, həmin gün Samir işə gedib və həmin gecə evə gəlməyib:  

“Sonra telefonumu tapdım. Samirin və qaynanamın getməyimə imkan verməyəcəyini bildim. Ona görə də evin pəncərəsindən çıxaraq qaçdım. Polisə getdim və hadisə ilə bağlı ərizə yazdım”.  
 

Məhkəmənin hökmü ilə Samirə cəza təyin olunmayıb. Buna səbəb onun zərərçəkmişlə barışması olub.

 
Məhkəmə Samirin barəsində olan cinayət təqibinə xitam verib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin