Cəlilabadda qoca nənənin taxıl sahəsi niyə biçilmir? – REPORTAJ

Hazırda oxunan: Cəlilabadda qoca nənənin taxıl sahəsi niyə biçilmir? – REPORTAJ

80425

Cəlilabadın Abdullu kənd sakini Osandıq Tağıyeva illərdir dolanışığını torpaqdan çıxarır. Həyat yoldaşı rəhmətə gedəndən sonra ailənin yükü onun üzərinə düşüb. Bütün mehrini torpağa salan Osandıq nənə barın-bərəkətin də dilini yaxşı bilir. Deyir, yaxşı məhsul götürmək üçün torpağı gərək yedirdəsən. Yemi ki olmadı, bax, belə bizim zəmimizdəki taxıl kimi təkəmseyrək olur. Nə boyu var, nə də sünbülü. 

Məsələ orasındadır ki, Osandıq nənə imkansızlıq ucbatından indi heç olan məhsulu da zəmidən biçib yığışdıra bilmir.

Bizim.Media-nın əməkdaşı ilə taxıl sahəsini gəzən Osandıq nənə min bir əziyyətlə becərdiyi sünbülləri ovcunun içinə alaraq göstərir ki, baxın vəziyyətim budur:

“İndi bu buğdanı mən nə təhər biçim, onda nə var? Parabaşdır hamısı. Nə torpaq pulu verirlər, nə azot verirlər, qalmışam əlacsız”.

Eyni təsərrüfatda yaşadıqlarını bildirən oğlu Kamil Nəziyev isə deyir ki, hər il 210 manat torpaq pulu alıb o vəsaitlə həm gübrə alırdılar, həm də taxılı biçdirirdilər. Amma iki ildir ki, onu da ala bilmirlər. Ətrafdakı qonşu sahələr isə çoxdan biçilib:

“Belə getsə, taxıl tamamilə məhv olacaq. Böyük bir külfətin yeganə dolanışıq yeri olan pay torpağımızdan hər il taxılımızı, ot-ələfimizi çıxarırdıq. İndi sahə nə dənlik olub, nə də otluq”. 

Kamil Nəziyev deyir ki, subsidiyayla əlaqədar dəfələrlə aidiyyatı üzrə qurumlara müraciət edib. Ona deyilib ki, sənin sənədlərin sistemə oturub, tezliklə vəsaiti alacaqsan. Amma deyilən söz elə söz olaraq qalıb. Osandıq Tağıyevanın biçilməmiş qalan zəmisi ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət etdik.

Qurumdan Bizim.Media-ya bildirdilər ki, Osandıq Tağıyevanın subsidiya ala bilməməsinin səbəbi torpaq mülkiyyətinin hüquq müəyyən edici sənədinin olmamasıdır.

Bundan ötrü fermer Əmlak Məsələləri  Dövlət Xidmətinə müraciət edib tarpaq haqqında mülkiyyətə dair çıxarış əldə etməlidir.

Qanun-qayda əla şeydir. Amma bir məsələ var, kəndlinin zəmidə olan taxılı zaman gözləmir, bir neçə gün də keçsə, buğda sünbüldıən töklüb tamam bərbad olacaq. Bir də maraqlı olan odur ki, əgər sənədlər düz deyildisə, son 2 ilə qədər Tağıyevlər ailəsinə subsidiya hansı şərtlər altında verilib? 

Mövzu diqqətimizdədir, amma ərzaq qıtlığı ilə qarşı-qarşıya olduğumuz bir zamanda halal çörək sahədə məhv olub gedir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub Bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin