Azərbaycanda baytarlıq pasportunun alınması tələbi ləğv edildi 

Hazırda oxunan: Azərbaycanda baytarlıq pasportunun alınması tələbi ləğv edildi 

80414

Nazirlər Kabineti 30 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, bundan sonra Azərbaycanda baytarlıq pasportunun alınması tələb olunmayacaq, hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq və son nəticədə neyvan ətinin maya dəyəri azalacaq. 
Qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. 

Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi.

Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” qanunda 20 manat dövlət rüsumu nəzərdə tutulub. 

Dəyişiklik nəticəsində hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaqr. 

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır.

Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək. 

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək. 

Baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən və “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.5-ci bəndinə əsasən, ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək. 
Xatırladaq ki, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib. Artıq baytarlar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin