Bakının restoran, kafe və yeməkxanalarında olan gözüdoymazlıq, pul hərisliyi və xidmət mədəniyyətsizliyi dünyanın heç bir ölkəsində yoxdur! Onlar şişirdilmiş rəqəmlərlə müştəriləri soyur, quldurluq edirlər! Ən əsası odur ki, insanlar həmin məkanlarda istədikləri kimi dincələ, yeyib-içə bilmirlər.
Təsəvvür edin, bəzi restoranlarda kabinet alveri gedir. Məsələn, "filan kabinetdə otursanız, 50 manat ödəməlisiniz!" Bəzən 100-300 manat arası depozit alırlar! Bir sıra restoranlar özlərinin olmayan hörmətini qazanmaq üçün rezervasiyasız müştəri götürmürlər. "blatlar”ını qaldırmaq üçün "yer yoxdur" deyirlər.
Keçək faktlara. Kartofun adını dəyişib "La kartofe" qoyaraq adi kartofu baha qiymətə müştərilərə "sırıyırlar". Manqal" deyilən restoranda bir tikə əti 280 (iki yüz səksən), bəzən də 300-400 manata "xırıd" edirlər! Əlbəttə, inanılası deyil, amma bu belədir... Bəli, harınlamış adamların məkanıdır, adi adamların orada nə işi var?
MÖVZU İLƏ BAĞLI:
“Deputatların çoxu restoran biznesi ilə məşğul olur” – Xeyrəddin Qocadan SƏRT İTTİHAMLAR
Bəzi iaşə müəssisələrində xəngəldən adam tükü çıxır, sübut etməyə çalışırlar ki, "özüm ölüm, mal tüküdür!". 40 qəpiklik su 5-6 manata satılır. Qab -qacaqlar sınıq, süfrələri siqaret yanığı ilə deşilmiş yeməkxanalar da var. Bəzi ofisiantlardan üfunət iyi gəlir.
Yerə düşən yeməkləri atmaq əvəzinə servis edib, boşqaba qoyaraq yenidən müştəriyə təqdim edirlər. Xəmirə milçək qonur, dırnaqları ilə təmizləyib kənara atır və bişirməyə davam edirlər.
Bahalı restoranlarda kiçik porsiya böyük boşqabda təqdim olunur, amma hesab alanda iki qoyunun pulunu alırlar! “Rivera” restoranında diş batmayan bərk əti gətirib qoyurlar masaya, etiraz edəndə müdir gəlib deyir ki, "mən bunu kimin ayağına yazım?" Müştəri məcbur olub deyir, "a kişi, hesabı ödəyirəm, amma yemirəm!" Vannalarda saxlanıb, köhnəlmiş, qaralmış toyuqları "kənd çolpası" adı ilə 20-25 manata "sırıyırlar" müştərilərə! Mağazalarda kəsmə xəngəlin bir qutusu 50 qəpikdir, yeməkxanalarda pis yağlarla bişirib müştəriyə 30 manata verirlər. Nə var, nə var, yanına iki dilim turşu xiyar qoyurlar.
Meyvə şirələrinə su qatıb, 8-10 manata "yeridirlər" camaata! "Səhər yeməyi" adı ilə setlər düzəldilir, adama 50 manata! Salatlarda böcək, tük, qum çıxır! Kiminsə artığı olan yeməkləri, mürəbbələri və çaya oxşayan sarı suyu verirlər adamlara!
"Çay dəsgahı" adı ilə adama bir-iki keyfiyyətsiz şirniyyat verib, 30-40, bəzən də 50 manat alırlar! Yeni "trend" restoran və kafelərdə saqqalı gədələr və ya küçədən gətirilmiş qızlar "xidmət" edirlər.
Gitaraların səsindən qulaq batır! Baş ağrıdan musiqiyə bənzər səslərin də pulu hesabın üstünə gəlir. Köhnə, natəmiz sexlərdə hazırlanan şirniyyatlar restorana gələnə qədər "hörmətə minir" olur 14-16 manat! Menyu da başdan-ayağa səhv tərtib olunur.
Belə ki, yeməklərin adı səhv yazılır, şəkillərini internetdən götürüb yapışdırırlar. Guya türk lahmacunu bişirirlər, köhnədən qalmış küftə-bozbaşın ətindən çəkib, yenidən bişirirlər! Ərinmiş pendirlərin hamısı saxtadır. Bütün küçənin tozu, maşınların hisi dönərlərə hopur, elə də satırlar. Müştərilərə köhnə, qaralmış kolbasalar verirlər, heyvanlara atanda həmin kolbasaları qoxlayıb, yemirlər!
Bilirsiniz, restoran və yeməkxanalarda işləyənlər niyə heç bir məsuliyyət hiss etmirlər? Çünki mudir onlara gündəlik 15 manat verib işlədirlər.
Sabah bir başqası gəlir ki, "mən 25-30 manat verirəm, gəl bizdə işlə". Türkiyədə iaşə sahəsindən işdən çıxarılandan bir daha həmin sahədə iş vermirlər. Düşünürlər ki, yaxşı xidmət etsəydi işdən çıxarmazdılar...
Məlum deyil, restoran, kafe və yeməkxanalara nəzarət edən bir təşkilat var, ya yox? Bu özbaşınalıq, insanların cibinə girmək, soyğunçuluq nə vaxta kimi davam edəcək?
Bizim.Media