Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan iclasda Vilyam Hacıyevin vəkili Elmar Kərimov çıxış edib.
O bildirib ki, işdə ekspert rəyləri var, həmin rəylər bir-birindən köçürülüb.
Vəkil qeyd edib ki, ekspertlər rəy verməmişdən əvvəl tikinti sahələrinə baxış keçirməlidir:
MÖVZU İLƏ BAĞLI:
Vilyam Hacıyev mənzil növbəsində olmayanlara qanunsuz mənzillər verib
"Amma həmin sahələrə baxış keçirilməyib və bu işdə rəy veriblər. Cəmil Musayevin dediyi sözlərlə rəy veriblər. Cəmil Musayev çox söz deyə bilərdi. Ekspertlər bu işdə baxış keçirib, sonra rəy verməli idilər. Bütün bunlar olmadan necə rəy veriblər? Birinci vəsatətim ekspertlərin çağırılaraq məhkəmədə dindirilməsi ilə bağlıdır".
O qeyd edib ki, ehtimallarla 1 milyon 900 min manatlıq sosial binaların tikintisi zamanı mənimsəməyə maliyyə yoxlamasına rəy verilib:
"Sənədlərdə isə 3 milyon 900 min manatlıq sənəd var. Mənimsəmə işi yerində araşdırılmalıdır. Amma araşdırma yerində aparılmayıb. Ehtimallar əsasında, kiminsə dediyi sözlərlə ekspertlər rəy verib. Bu, ciddi ittihamdır. Bu işdə ekspertlərin ehtimallara rəy verməsi düzgün deyil. Təkrar ekspertiza keçirilməlidir. Ehtimallara cəza vermək düzgün deyil".
Vəkil bildirib ki, məhkəməyə mütəxəssis dəvət olunmalıdır:
"Həmin mütəxəssisə suallarım var. Öyrənmək istəyirəm ki, ehtimallara necə rəy verilə bilər".
Vəkil deyib ki, işdə rəy verənlərdən biri də ekspert Xəyyam İsgəndərov olub:
"Ekspert rəy vermək üçün rayona ezamiyyətə getməli idi. Amma bununla bağlı ezamiyyət göndərişi olmayıb. Xəyyam İsgəndərovun məhkəmədə dindirilməsini istəyirik. Yerində baxış keçirməsi ilə bağlı ona suallarımız var. Ehtimal olunan dəyərlərlə rəy verilib. Bu, tam qanunsuzluqdur".
Vilyam Hacıyev deyib ki, vəkilini fikirləri ilə razı olduğunu deyib.
Hakim deyib ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.
Növbəti proses iyunun 24-də davam edəcək.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Həmçinin, V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Eldar Məmmədli, Bizim.Media