Bir ayda 4 QADIN – Zərif məxluqlar niyə ÖLDÜRÜLÜR? - ARAŞDIRMA 

Hazırda oxunan: Bir ayda 4 QADIN – Zərif məxluqlar niyə ÖLDÜRÜLÜR? - ARAŞDIRMA 

79852

Son vaxtlar Azərbaycanda qadın qətllərinin sayında yenidən artım müşahidə olunur. Zərif cinsin məxluqlarının keçmiş həyat yoldaşları tərəfindən öldürüldüyü ilə bağlı xəbərlərə daha çox rast gəlinir. Təkcə bu ilin fevralında 4 qadın ərləri tərəfindən amansızcasına qətlə yetiriliblər.

Bir ayda 4 qadının həyatına son qoyulması ciddi siqnaldır. Müşahidələr və rəsmi statistikalar göstərir ki, zorakılıqla qarşılaşan qadınlar arasında boşananlar üstünlük təşkil edir.  

Bizim.Media mövzunun aktuallığını nəzərə alaraq bu ilin yanvarından bu günə qədər keçmiş həyat yoldaşları tərəfindən öldürülən qadınlarla bağlı qətl hadisələrini araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilir - VİDEO


Yanvar 4-də “Lider” televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənova həyat yoldaşı Orxan Əliyev tərəfindən vəhşicəsinə öldürülüb. Hadisə Xətai rayonu Köhnə Günəşli qəsəbəsində baş verib. Həyat yoldaşını bıçaqlayaraq öldürən Orxan Əliyev daha sonra onun meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsib. 

Fevral ayında 4 qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib. 

Bənzər hadisə fevralın 9-da Yevlax rayonunda qeydə alınıb. 1974-cü il təvəllüdlü Mehdi Qarayev həyat yoldaşı, Elnarə Qarayevaya odlu silahdan atəş açaraq, onu qətlə yetirib. Mehdi Qarayev həmin silahla qonşusu – İldırım Qarayevə də atəş açaraq, onu yaralayıb.

Digər hadisə fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşanıb. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib. Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib. 

Fevralın 18-də Şirvanda 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızı əri Elnur Abıyev tərəfindən güllələnib. O, saxlanılarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan Elnur Babayev polislərlə atışmada yaralanıb. Hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Fevralın 25-də Bakıda kişi arvadını qətlə yetirib. Xətai rayon sakini Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Növbəti belə hadisə martın 24-də saat 14 radələrində Goranboy rayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən öldürülüb.

Belə ki, Mehman Süeymanov idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli deyilən ərazidə yerləşən musiqi məktəbinin yaxınlığında 1 ildir ayrı yaşadığı arvadını vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Aprelin 14-də Mingəçevirdə qətl hadisəsi baş verib. Hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadın keçmiş həyat yoldaşı Məhərrəmov Yasin Məhərrəm oğlu tərəfindən öldürülüb. 
Digər belə hadisə həmin ayın 19-da Qubada baş verib. Hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib. Onların bir müddət öncə boşandıqları, məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir.

Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb. Onların birgə nikahdan 3 övladı var.

Mayın 31-də Abşeron Gənclər Şəhərciyində qadın qətli yaşanıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.
Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Rəqsanə Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.

Növbəti qətl hadisəsi iyunun 4-də Gəncədə qeydə alınıb. 32 yaşlı şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Xəstəxanada həkimlərin səyinə baxmayaq, qadın dünyasını dəyişib.

Qadını qətlə yetirən 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğludur O, qısqanclıq zəminində həyat yoldaşının həyatına son qoyub.  

Sonuncu belə məlumat bu gün İmişli rayonundan yayılıb. Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1988-ci il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib. 
Qeyd edək ki, araşdırdığımız məsələ sadəcə olaraq boşanmış cütlüklərə aid olan bədbəxt hadisələrdir. Boşanmamış, normal ailələrdə də çoxsaylı qadın qətllərinin baş verməsi ilə bağlı mətbitda tez-tez məlumatlara rast gəlirik.

Bundan əlavə fiziki, cinsi, psixoloji və iqtisadi zorakılığa məruz qalan qadınların da sayı az deyil. Qeyri-rəsmi statistikaları da toplamış olsaq, dəhşətli mənzərə ilə qarşılaşmış olarıq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin