Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin bir qrup tələbələri müəllimin onları kütləvi şəkildə imtahandan kəsməsi ilə bağlı iddia ediblər.
İddiada bildirilir ki, sözügedən universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbələri kafedra müəllimi Sədaqət Əhmədovanın onlardan pul almaq üçün imtahandan kütləvi şəkildə kəsib.
Məsələni aydınlaşdırmaq üçün Bizim.Media sözügedən müəllimə Sədaqət Əhmədova ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
BDU müəllimi pul yığır – İmtahandan kəsilənlər 5 min manat… - SƏS YAZISI
O, yayılan səsyazmanın ona məxsus olduğunu nə təsdiq, nə də inkar edib:
“Deyilən imtahanlar əmrlə olan şeylərdir. Kim nə deyirsə desin, baxın görün mən o imtahanlarda iştirak etmişəm? Xahiş edirəm ki, kamerayla baxsınlar, yoxlanış aparsınlar ki, mən hansısa imtahanda iştirak etmişəmmi? Səhhətimlə əlaqədar icazə almışam, heç imtahanlarda iştirak etmirəm, deyilənlər mümkünsüzdür”,- deyə qeyd edən S.Əhmədova dərman içdiyini bildirərək digər suallarımızı cavablandırmaqdan yayınıb.
Qeyd edək ki, BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ciddi araşdırılır:
“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. BDU-da son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”, - deyə universitetdən bildirilib.
Səkinə Yusibli, Bizim.Media