Moderator.az-ın verdiyi xəbərə görə, Cəlilabadda "Zəli gölü" deyilən bir yer var. Müxtəlif xətəliklərdən əziyyət çəkənlər həmin gölə pənah gətirir, zəlilərdən istifadə etməklə şəfa tapırlar.
Cəlilabadın Qamışlıgöl kəndi Buravar sıra dağlarının ətəyində yerləşir. Bura təkcə gözəl təbiəti ilə yox, həm də orta əsrlərdən bu günə kimi gəlib çıxmış "Zəli gölü" ilə də məşhurdur. Bəzi tarixi mənbələrə görə, gölün ən azı 800 il yaşı var. Hətta, Əmir Teymurun gölün yaxınlığında açıq xətəxana saldığını da deyənlər var. Kənd sakinlərinn dediyinə görə, tikilinin nişanələri bir neçə il əvvələ kimi qalırmış.
Bu məkanın özəlliyi ondadır ki, göldəki qansoranlar təbabətdə daha çox istifadə olunan şərq zəli növüdür. Buraya yay aylarında daha çox üz tutanlar, revmatik ağrılardan, qan təzyiqindən əziyyət çəkən insanlardır.
Mütəxəssislərin fikrincə, zəli insan qanına öz ağız suyunu buraxdıqdan sonra, onun tərkibindəki 60-dan çox zülal komponentləri müalicəvi təsiri sürətləndirir. Buna görə də zəli, ürək-damar, ginekoloji, prostat, qalxanvari vəz, babasil və digər xəstəliklərdə çox kömək edir. Eyni zamanda qan təzyiqi stabilləşir, laxtalanmanın qarşısı alınır, yuxunu və iştahı yaxşılaşdırır. (Region TV)

































































































