Bu gün onların günüdür. Şimal sərhədimizdə müstəqil Azərbaycanın ilk sərhədini quranların günüdür bu gün. Bəli,bu gün Rusiya ilə sərhəddə yerləşən -o zaman Yalama Əlahiddə buraxılış məntəqəsi adlanan ilk buraxılış məntəqəsinin yarandığı gündür. Hazırda Xudat sərhəd dəstəsi adlanan ilk hərbi hissənin yaranma tarixi çox çətin və mürəkkəb dövrə təsadüf edib.
16 iyun 1992-ci il. Qusarın Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində Dövlət Sərhəd Xidmətinin ilk buraxılış məntəqəsi isti bir yay günündə heç bir infrastruktur olmadan fəaliyyətə başlayıb. Hər iki istiqamətə sərbəst gedib gələn vətəndaşlar birdən-birə yoxlama prosesinin, pasport qeydiyyatı ilə bağlı yoxlamanın şahidi oldular.
Samur çayı üzərində 2 yaşıl dəmir vaqonda müstəqil Azərbaycanın 16 nəfərlik ilk şəxsi heyəti yerləşmişdi. Şəxsi heyətə isə baş leytenant Elçin Quliyev rəhbərlik edirdi. Təsəvvür edilməz dərəcədə təhlükəli, çətin mürəkkəb dövr idi.
Hər an qarşı tərəfdən təhlükə gözlənilirdi. Milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü təhlükə altına almağa çalışanlara qarşı cəmi 16 nəfər olan ilk sərhədçilərimiz çox ayıq-sayıq, qarşı tərəfə adekvat cavab verməyə hazır idilər.
Baxmayaraq ki, əsgərin maddi-texniki təminatı çox zəif və az idi, onlar şimalda çox qürurla dayanmışdılar. Bəli, belə bir qaragüruh və ağır dönəmdə Azərbaycanın ilk sərhəd keçid məntəqəsi güclə ayaq üstdə duran uşağa bənzəyirdi.
O uşağa ki, çətinliklə də olsa, şəraitsizliyə, köməksizliyə baxmayaraq səndələmədi, başı gicəllənmədi və özünü toparlayıb ayaq üstdə durmağı bacardı.Təbii ki, yeni yaranmış dövlətin parçalanmasının qarşısını almaq üçün xalqın çağırışına səs verib 2-ci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin birbaşa diqqəti sayəsində şimal sərhədlərimiz özünü doğrultmağa başladı.
Ən əvvəl güclü sərhəd infrastrukturunun, möhkəm və davamlı maddi-texniki bazanın təməli qoyuldu.
1995-ci ildə Xudat sərhəd dəstəsi kimi formalaşan ilk hərbi hissəmiz ölkənin qabaqcıl, güclü və peşəkar hərbi hissələrindən birinə çevrilib. Təbii ki, 30 yaşını qeyd edən Xudat sərhəd dəstəsinin mütəşəkkil hərbi qurum formasında o vaxtki 25 yaşlı baş leytenant, indi DSX rəisi, general -polkovnik olan Elçin Quliyevin müstəsna xidməti var.
Cənab generalı 30 ildir tanıyan yeganə mətbuat nümayəndəsi kimi tam səmimiyyətimlə deyə bilərəm ki, Elçin Quliyev Azərbaycanın Sərhəd Mexanizmində görülən işləri heç vaxt öz adına çıxmayıb.
Bu gün nəinki şimalda, bütün ölkə boyu hava, su, quru sərhədlərimizdə güclü infrastruktur və möhkəm iş fəaliyyətinin yaranmasını general Quliyev həmişə milli öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasəti ilə əlaqələndirib.
Vətən Müharibəsində sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq hamımıza yaxşı məlumdur. Təkcə 105 km məsafəni 24 saatda erməni tapdağından azad etmələrini, Vətən savaşında 47 şəhid verməsini xatırlatsam, kifayətdir.
Müharibədən sonra jurnalistlərlə Zəngilanda media turda görüşən DSX rəisi orada çıxışında belə bir cümlə işlətmişdi:
"Dəmir yumruqlu cənab İlham Əliyev bu qələbə üçün nəinki mümkün olan hər şeyi etdi, mümkün olandan da qat-qat artığını etdi".
Bəli, bu gün 30 yaşını qeyd edən Xudat sərhəd dəstəsinin yaranma günlərinə bir qədər səyahət etdik. Mən özüm də xəyalən o illərə - o çətin dövrə qayıtdım. Deyilməli söz çoxdur, tədricən özəl fikirlərimi tarixi fotolarla səsləndirəcəyəm.
Hələlik bu yazı üçün əsas bir şeyi xatırladım. Bu 30 ildə sərhəd sistemində kökündən hər şey dəyişdi. Struktur da, maddi-texniki təminat da, hər şey dəyişdi.
Təkcə sərhədçinin döyüş ruhu, vətənpərvərliyi dəyişmədi. Samur çayı üzərində sərhədimizi göz bəbəyi kimi qoruyan, cırıq, içi sulu çəkmədə yay-qış xidmət aparan sərhədçimiz bu 30 ildə heç dəyişmədi. Mübaliğəsiz. Vətənpərliyini və Vətən təəssübkeşliyini Azərbaycan sərhədçisi 30 ildə qoruyub saxlaya bildi.
Bu gün isə müasir döyüş geyimində olan Azərbaycan sərhədçisi Azərbaycan -Ermənistan sərhədində erməni əsgərinin üzünə qürurla baxaraq qalib ölkənin, qalib komandanın qalib əsgəri kimi necə dayanıbsa, 30 il əvvəl də Rusiya sərhədində o cür-qürurla, qorxmadan dayanmışdı.
Bunun mən həm 6 yanvar 2021-ci ildə Zəngilanın dağlıq zonada yerləşən zastavasında şahidi olmuşam, həm də 30 il əvvəl Samur çayı ətrafında da. Dəyişməyən təkcə sərhədçilərimizin döyüş əzmi və vətənpərvərliyi oldu 30 ildə.
Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 16.06.2022
30 il Vətənin keşiyində – Aytəkin Alxaslının qələmindən…
Hazırda oxunan: 30 il Vətənin keşiyində – Aytəkin Alxaslının qələmindən…
Hazırda oxunan: 30 il Vətənin keşiyində – Aytəkin Alxaslının qələmindən…
79482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.