Rusların çox sevdiyi Azərbaycan gilası – Bazara çıxarılan meyvənin məhsuldarlığı...

Hazırda oxunan: Rusların çox sevdiyi Azərbaycan gilası – Bazara çıxarılan meyvənin məhsuldarlığı...

78755

Şimal bölgəsinin əsas meyvəçilik rayonlarından olan Xaçmazda meyvə yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya məlumat verilib ki, hazırda rayonda gilas yığımı aparılır.  

Bildirilir ki, Xaçmazda 3695 hektar gilas sahəsi var ki, bunun 1178 hektarı yeni əkilən, 2517 hektarı isə bar verən sahədir. Bu il gilas sahəsindən məhsuldarlığın keçən illə müqayisədə nisbətən yaxşı olduğu deyilir. 

Hələlik məhsuldarlıq gilas sahəsindən 4,6 sentner təşkil edir. Rayonda indiyədək 1147 ton gilas yığılıb. Qurumdan bu il gilasın satışının qənaətbəxş olduğu deyilir. Yerli bazarda hazırda gilasın kiloqramı 4-5 manata satılır.  

Xaçmazlı fermerlər də keçən illə müqayisədə həm məhsuldarlığın, həm də alıcının yaxşı olduğunu deyir. 

Xaçmazın Qoçaqlı kəndindən olan fermer Mirzə Davıdov Bizim.Media-ya məlumat verib ki, keçən il həm məhsuldarlıq az idi, həm də alıcı yox idi. 

Bu il məhsuldarlıq yaxşıdır, alıcı da var. M.Davıdovun sözlərinə görə, hələlik özü gilas yığımına başlamasa da, yerli bazarda gilasın satışı normaldır. Hazırda gilasın kiloqramı rayonda 4-5 manat arasında dəyişir, keçən il isə bu qiymət 3-3 manat 50 qəpik təşkil edib.  

Qeyd edək ki, Qoçaqlı kəndi Xaçmazda əhalinin meyvəçiliklə məşğul olan ən iri kəndlərindən biridir. Ərazidə təxminən 100 hektar gilas bağından fermerlər həm yerli, həm də Rusiya bazarlarına məhsul tədarük edirlər. Qoçaqlıların məhsulu əsasən qonşu ölkənin bazarlarına çıxarılır.  

M.Davidov tezliklə yığıma başlayıb Rusiya bazarlarına məhsul aparacağını deyir.  

Onun sözlərinə görə, yerli fermerlər Qoçaqlıdan Rusiya bazarlarına "İtalyanka", "Napeolon", "Romanovka", "Xrustal", "Regina" sortlarını və ağ gilas aparırlar.  

Ruslar Azərbaycandan gələn bu sort gilasları çox sevirlər. Hər sortun yetişmə dövrü var və kütləvi yığım başlayan kimi məhsul həm yerli, həm də Rusiya bazarlarına çıxarılır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin