Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərsu” ASC-ni HƏDƏFLƏDİ – “İndi niyə ayılıblar?”

Hazırda oxunan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərsu” ASC-ni HƏDƏFLƏDİ – “İndi niyə ayılıblar?”

78652

Xəbər verildiyi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə yay mövsümünə hazırlıqla əlaqədar Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi, eləcə də dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsullarının tətbiqi ilə bağlı monitorinq keçirib.

Aparılmış monitorinqlər zamanı Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərliklərinin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi müəyyən edilib.

Nəticədə qeyd olunan çimərliklərin suyunda mikrobioloji çirklənmə göstəriciləri normadan çox olub. Həmçinin, aparılmış monitorinqlər zamanı Suraxanı rayonu Hövsan, Xəzər rayonunun Türkan çimərliklərinin sanitariya-mühafizə zonalarına buraxılan tullantı çirkab suları ilə çirkləndirilməsi səbəbindən dəniz suyunun mikrobioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən çimərliklərə qadağa qoyulmasının səbəbini ora axıdılan kanalizasiya suları ilə əlaqələndirib və konkret olaraq “Azərsu” ASC-ni bu məsələdə hədəf göstərib.  

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında məsələyə bu gün nazirliyin rəsmi səhifəsində yayımlanacaq “Ekspert saatı”nda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov və  “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasovun birgə təqdimatında aydınlıq gətiriləcəyini deyərək mövqe bildirməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzəri çirkləndirən əsas şirkət “Azərsu”ASC-dir - RƏSMİ


AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev saytımıza uzun illərdir ki, çirkab suların Xəzərə axıdıldığını, bununla bağlı heç bir qurumun tədbir görmədiyini vurğulayıb:

“Ümumiyyətlə çirkab suların tərkibi və onların axıdılması ölkədə bərbad vəziyyətdədir. Bütün rayonların hamısında ictimai iaşə müəssisələrindən çıxan çirkab suların hamısını çaylarımıza axıdırlar. Elə bir yer yoxdur ki, oranın təmizlənməsi ilə bağlı məlumat yayılsın. O ki qaldı Xəzər dənizinə...Bu dəniz ömrü boyu kanalizasiya sularının axıdıldığı yer olub. Azərbaycanda Sovet hakimiyyəti dövründə olan yüzlərlə müəssisənin 10 faizi işləmir.Təkcə Sumqayıtda 2735 sayda sənaye müəsissəsi vardı ki, onların böyük hissəsi çirkab suları dənizə tökürdü. İndi o müəssisələr yoxdu və sayı çox azdı. Olanların isə təmizləmə qurğuları o qədər də yaxşı işləmir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeganə işi cərimə yazmaqdır. Heç bilinmir cərimə yazdığı müəssisə bu məbləği ödəyir, ya yox...Neyləsin, başqa yolu yoxdur. Dənizin çirkab sularına bürünməsinin əzabını isə insanlar çəkir”. 


Ənvər Əliyev sözügedən məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin də cavabdeh olduğunu bildirib:

“Bu qurumlar sadəcə cərimələrin hesabatını verməklə məşğuldur. Nəzarət mexanizmi yoxdur. Çimərlik mövsümü yaxınlaşanda bu məsələ yada düşür. İndi niyə ayılıblar? İndiyədək hara baxırdız? Bu sualları heç kim heç kimə vermir. Demək ki, burada hansısa maraqlar var. Məsələ burasındadır ki, bu sahədə qanunlarımız var. Amma buna riayyət hissəsi çox aşağıdır. Nəticə etibarilə əhalinin sağlamlığı təhlükə altına düşür. Hər bir vətəndaş o çirkab suları ucbatından xəstələnib xəstəxanaya düşə bilər. Xarici ölkələrdə isə bu məsələyə ciddi nəzarət var. Ən geridə qalmış ölkələrdə belə vətəndaşın sağlamlığı əlahiddə, xüsusi bir qaydada qorunur. Vətəndaş çirkab suyuna görə müəssisəni məhkəməyə verib, külli miqdarda təzminat ala bilər”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin