“Canım atam sən bizdən nigaran qalma, mən bilirəm sən sağsan, sən qəhrəmansan. Amma mən, bacım və qardaşım səndən ötrü çox darıxmışıq. Ata, Allah sənə rəhmət etsin, yerin cənnət olsun!.."
"Qızın Ayşən”
Yazıya başlayanda çox yazdım, pozdum. Şəhidlik adının ağırlığından heç cür cümlənin tarazlığını tuta bilmirdim.
Birdən qızının ona yazdığı məktubu gördüm. Əllərim klavyaturada çox dolandı, əvvəl şəhid qızının atasına yazdığı son məktub yazmaq istədim, sonra düşündüm ki, Ayşən atasına hələ çox məktub yazacaq. Məktəbə gedəndə, bitirəndə, ağlayanda, güləndə, xoşbəxt olanda, ürəyi yananda... Ayşən hələ atasına çox yazacaq...
Azərbaycan minlərlə qəhrəmanlarımızın qanı ilə yoğrulan azadlıq nəfəsimizdir!
Bu gün haqqında danışacağım Azərbaycanın fəxri, Zəngilanın azadlığı uğrunda qanı ilə, canı ilə qəhrəmanlıq dastanı yazan şəhid Musayev Elşəndir. Qəhrəmanın qanı Füzulidə əbədi olaraq torpağa qarışıb, bir fidan kimi orada yenidən öz zirvəsinə ucalacaq.
İllər keçəcək, aylar dolanacaq bir gün o fidan iri çinar olacaq, o torpaqlarda göylərə ucalıb, azadlıq rəmzinə çevriləcək.
Elşən Musayevin həyat yoldaşı Mətanətin dediklərindən:
“Sentyabrın 26-sı axşam saat 8 olardı evə gəldi, mənə dedi ki, sabah cəbhəyə gedəcəyəm, gedib bir az bazarlıq etdik. Gecə saat 03.45-də həyacan siqnalı verildi. Üst-başını səhmana salıb, çantasını yığdım və o, evdən çıxdı. Hər zaman onu liftə qədər yola salırdım, qapılar bağlanana qədər gözləyib, sonra evə girirdim. Nədənsə qapıdan çıxanda dönüb mənə dedi ki, “qurban olum qapını bağla, məni yola salma”.
Hər zaman harasa gedəndə uşaqları qucaqlayıb öpürdü, sonuncu gedişində onu etmədi, sanki sağollaşmaq istəmirdi.
Qapıdan çıxdı və yenidən birdə geri qayıtdı, dedi “Gedirəm, həyatdı, bilirəm müharibəyə gedirəm. Birdən şəhid olsam, heç vaxt ağlama, Vətən qarşısında borcumuzdu, gedirik ödəməyə. Biz şəhidlik zirvəsinə yüksəlməyə gedirik, bunu unutma heç vaxt”.
Sonuncu danışıqları oktyabrın 7-də olur. Telefonda pıçıltı ilə danışan Elşən, Mətanəti şübhələndirir. Bunun səbəbin soruşduqda isə digər əsgərlərin yatdığını, bunu səs salmamaq üçün etdiyini deyir. Ancaq əslində vəziyyət daha ciddi idi, həmin gün Elşəngilin 40 nəfərdən ibarət dəstəsi Füzulidə Qorqan ərazisində ermənilər tərəfindən mühasirəyə düşüb.
Elşən sonuncu dəfə, ölməmişdən əvvəl düşmənə yerini bəlli etməmək üçün sakitcə sevdiyi ilə danışır. O ölümün yaxın olduğunu bilir, ancaq ömür gün yoldaşına bunu demir. Mühasirədən 5 gün əvvəl 14 erməni postunu məhv edən Elşən sərbəst atıcı idi.
Komandir həmin gün yaralanan qəhrəmanı 7 oktyabrda döyüşə buraxmaq istəmir, ancaq o, israrla döyüşə girəcəyini deyir.
“Oktyabrın 9-da səhər saat 6- da yuxudan hövlənak ayıldım, qan-tər içində idim. Birdən yuxum yadıma düşdü, yuxuda yaşadığım dəhşətdən tüklərim ürpəndi. Xatırladım ki, yuxuda toranlıq bir yerdə Elşəni axtarırdım, birdən onu çayın ətrafında gördüm, qaça-qaça ona çatmaq istəsəm də heç cür alınmırdı, mən var gücümlə “Elşən” qışqırdıqca o, məndən daha da uzaqlaşıb, dumanın içində yox olmağa başladı. Yuxunun vəhşəti məni oyanmağa məcbur etdi. Ayılanda bunun yuxu olduğu üçün çox sevindim. Tələsik durub ona zəng etdim, ancaq yuxudaki kimi, nə mən o xəttə düşə bildim, nə də Elşən mənə cavab verə bildi”,- Mətanət Elşənlə son söhbətlərindən danışarkən sanki o günün ağrısını yenə o arıq, çəlimsiz çiynlərində hiss edirdi.
Həmin gün Elşənin ayaq səsləri dünyadan əbədi olaraq kəsildi. Daha dünyanın heç bir bucağından onun ayaq səsləri gəlməyəcəkdi.
İnsan sevdiyinin yoxluğunu günlər keçdikcə dərk edir, əvvəl başın evə gəlib – gedən yaxınlarına, qohum - əqrəbana qarışır. Sonra günlər uzandıqca, ürəyindəki kədər, yalqızlıq pərdəsini yarıb sənə doğru yol alar. Mətanət Elşənsiz yalqız qaldığı günü faciə adlandırır.
Bundan sonra Mətanət Elşənin nəfəsini, qoxusunu ondan yadigar qalan 3 balasından alacaqdı. Təsəllisi o üç övladının vuran ürəyi olacaqdı.
“Oktyabrın 29-da Ağsu hərbi komissarlığından zəng gəldi. Mən 23 gün idi ondan xəbərsiz idim, həmin günləri yadıma düşəndə öz-özümə düşünürəm ki, necə oldu ki, mən o anlarda ağlımı itirməmişəm? Öz əllərimlə yola saldığım igidimi, indi bayrağa bürünmüş qara torpağa təslim edəcəkdim”.
O gündən sonra Elşənin balaları onu qoynuna basıb qucaqlaya bilməyəcək, təsəlliləri yalnız atalarının buz bağlayan fotoları olacaqdı. Həmin gün Elşən birdəfəlik olaraq həyatdan xatirələrə köçür...
“Elşən elə 7 oktyabrda şəhid olub, ancaq nəşi neytral zonada olduğu üçün biz onu ancaq 29 oktyabrda ala bildik. Daha sonra mənə onun şəxsi əşyalarını təqdim etdilər, cibində olan hərbi bileti və 2 manat pul. Yəqin ki, o əskinazlar mənimlə əbədi olaraq ömürlük qalacaq, onları xərcləməyə qıymaram...”
O gün Mətanət Elşənini itirib şəhid yoldaşı adını qazandı. Ancaq bilmirəm, o bu adla təsəlli tapdı, yoxsa yox...
Nağılların sonu hər zaman gözəl bitir. Nağıldakı Elşənlə Mətanət də göygöz kosaya, hiyləgər xana qalib gəlib, sonda qovuşur. Heyif, bu Elşənlə Mətanətin sevgi yolu elə bitmir. Axı dünya nağıl deyil...
Vüsalə Balayeva, Bizim. Media