20 may Ümumdünya Metrologiya günüdür

Hazırda oxunan: 20 may Ümumdünya Metrologiya günüdür

78262

Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Ümumdünya Metrologiya gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.

Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.

Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.

Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.

Bu il Ümumdünya Metrologiya günü BMT-nin Baş Assambleyası tərəfindən elan edilən və YUNESKO tərəfindən təşkil olunan “Beynəlxalq İşıq və İşıq əsaslı Texnologiyalar İli”x9d tədbirləri ilə dəstəklənir. Belə ki, “Ölçmələr və işıq”x9d adlandırılan  metrologiya günü münasibətilə keçiriləcək tədbirlərdə işığın həyatımızdakı rolu, enerji mənbəyi kimi istifadəsi, foton texnologiyalar üçün əsas olması və digər mühüm xüsusiyyətlərindən bəhs olunacaq. Daha effektiv enerji hasilatında, iqlim dəyişikliyinin öyrənilməsində, şəhər və kəndlərin müvafiq qaydada işıqlandırılmasında müstəsna xidməti olan işıq texnologiyalarının tətbiqi və gələcək inkişafında metrologiyanın rolu, həmçinin qabaqcıl ölçü texnologiyalarının vacib yeni elementlərinin əsası kimi mövzular  prioritet təşkil edəcək.

Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir.

Ölkəmizdə metrologiya sahəsi üzrə dövlət siyasətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb. Qısa müddət ərzində qurulmuş infrastruktur və qanunvericilik bazası Komitənin bu sahədə mövcud olan əsas beynəlxalq təşkilatlara üzvlüyünü təmin edib. Belə ki, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (EASC), İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutuna (SMİİC) üzv olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 yanvar 2015-ci ildən Çəkilər bə Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata (OİML) üzv olub.

Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın 2 il ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.  

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 may 2015-ci il tarixində Ümumdünya Metrologiya gününə həsr olunmuş “Ölçmələr və İşıq”x9d mövzusunda keçiriləcək beynəlxalq seminarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BİPM) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Endi Henson, Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (OİML) direktor müavini Yan Danmil və digər təşkilatların nümyəndələri iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin