Moderator.az tanınmış hüquqşünas Aslan İsmayılovun gündəmin əsas mövzusuna həsr etdiyi statusunu təqdim edir:
"Konstitusiya məhkəməsinin kreditlərlə əlaqədar qəbul etdiyi qərarla bağlı statusuma yazılacaq şərhlərin bir çoxları tərəfindən mənfi qəbul olunacağını gözləyirdim. Yazılan şərhlər gözlədiyimdən də sərt oldu. Deməli vəziyyət mənim güman etdiyimdən də pis imiş. Məni satqınlıqda, hakimiyyətə yarınmaqda, kasıb insanların yaşadıqları vəziyyəti, onların hansı əzab-əziyyətləri çəkdiklərini bilməməkdə ittiham etdilər. Bir çoxları isə, yazdıqlarımın düz olmasına baxmayaraq, bu fikrin, nüfüzuma xələl gətirəcəyini nəzərə alaraq, açıqlanmasının səhv olduğunu bildirdilər.
Statusumdakı fikrin düz olduğuna, insanların həqiqəti anlamağının vacib olduğuna, yazının isə çox yumşaq olduğuna əmin olduğumdan bir daha bu fikrə qayıtmağı zəruri hesab etdim. Bu günə qədər həmişə insanların xoşuna gələcəkləri fikirləri, haqqımda necə düşünəcəklərini yox, düz, faydalı bildiklərimi bölüşmüşəm. Qərarımı da dəyişmək fikrim yoxdur. Statuslarıma yazılan heç bir mənfi rəyi bu günə qədər silməmişəm və silməyəcəyəm də. Məni kasıbçılığı, real həyatı bilməməkdə ittiham edənlərə isə bildirirəm kasıbçılığın nə olduğunu tək uşaqlıq dövründə yox, elə Azərbaycan Respublika Prokurorluğunda, Prezident Aparatında işləyəndə də bilmişəm. 3-4 dəfə Prokurorluqda, 1-2 dəfə Prezident Aparatının yeməkxanasında nahar etdikdən sonra maaşımın ancaq nahara çatacağına əmin olduqdan sonra bir daha ora ayaq basmamışam. Hər gün nahara evə gəlmişəm, özü də maşınla yox, 5 qəpiyə metro ilə, çünki maşınım olmayıb. 5 nömrəli xəstəxana ilə üzbəüz yerləşən, Stavropoldakı mənzilimlə dəyişdiyim evimi isə özüm ustalıq edib təmir etmişəm. Azərbaycanda və xaricdə vəkillik edəndən, halal əməyimlə pul qazanandan sonra kasıbçılığın daşını atmışam. Ancaq həmişə, lap uşaqlıqdan yaxşı yaşamaq, yaxşı evimin, maşınımın, bağımın olmasını istəmişəm. Bu gün də istəyirəm, ancaq kredit, borc hesabına yox! Hakimiyyətə yarınmaq məsələsini ayırd etmək üçün isə məsləhət görərdim ki, 1996-cı ildən bu günə hakimiyyətin ünvanına söylədiyim mətbuatda dərc olunmuş yazılarıma nəzər yetirsinlər. İndi isə bir az ürəyimi boşaldım.
Bir daha təkrarlayıram Konstitusiya məhkəməsinin qərarını qanuni və birinci növbədə kasıb təbəqə üçün çox faydalı sayıram. İnsanların oyanmaq, baş verənləri dərk etmək vaxtıdır. Belə olmazsa sürünə-sürünə, onun bunun əlinə baxmaqda davam edəcəyik. Milyonlarımızı oğurlayıb uşaq evlərinə 500 manatlıq sədəqə paylayıb, 5000 manata etdiklərini tirajlayanları xeyriyyəçi kimi qələmə verəcəyik, halal əməyimizlə tiktirdiyimiz evin sənədləşməsinə 10 min manat rüşvət alıb, ildə bir dəfə Qarabağ əlillərinə, veteranlarına, təqaüdçülərə bir kilo qənd, bir kilo ət, bir kilo makaron, bir kilo yağ paylayaraq onları alçaldan icra başçılarına “balam sənə qurban”x9d deyəcəyik. Elə bizdən oğurlanmış pullar hesabına bişirilən, Ginnes rekordlar kitabına düşən tortdan bir parça qamarlayıb elə oradaca boğazımıza dürtüb həzm rəbedən keçirtmək üçün uşaqlı, böyüklü, ağsaqqallı, ağbirçəkli bir birimizi taptalayacağıq. Minlərlə şərəfini qoruyan mədəniyyət, təhsil işçilərinin xəstəlikdən əzab çəkdikləri vaxtda bir nəfəri ram edib, özlərinə mədh yağdıran hakimiyyəti qayğıkeş adlandıracağıq. Düzü yox, ancaq eşitmək istədiklərinizi deyənləri, imkan düşən kimi hakimiyyətin süfrəsinin qırıntılarına cumanları “vətənpərvər”x9d, “millətini sevən”x9d adlandıracağıq. Bu siyahını uzatmaq da olar.
Bir az da çıxılmaz vəziyyətdə kredit götürənlərdən danışaq. Özü də bu gün bizi talayan varlılardan yox “ehtiyacdan”x9d kredit götürən kasıblardan. Bir ətrafınıza fikir verin 500 manat maaş alıb kreditə 50 min manatlıq maşın sürənləri, bankdan kredit götürüb bahalı şadlıq evlərində kiçik toy, böyük toy, ad günü, yubiley keçirənləri, bununla da “toy krallarını”x9d varlandıranları, Antaliya, Bodruma istirahətə gedənləri, oğluma varlı qız versin deyə kreditə bahalı maşın alanları, qızlarımı varlı yerə ərə verim deyə elşad abdullayevlərin universitetlərinə yenə kredit hesabına rüşvət verənləri tanımırsınız? Bəlkə gündəlik fəhləlik edən, işlədiyi yerə kreditə alınmış maşınla gedənləri, konturu, balansı olmadığından "vızov" atan 1000 manata smartfon alanları, 300 manat maaşı ola-ola hobbi naminə 3000 manatlıq fotoaparat alanları görməyibsiniz? Ticarətdən, biznesdən anlayışı olmaya-olmaya evini girov qoyub 30-50 min manatla firma açıb, icarəyə ofis kirayələyib, dərhal gözəl katibə götürən, sonra evsiz qalanlardan xəbəriniz yoxdur? Halal əməyi ilə kasıb dolananlara “əfəl”x9d, “bacarıqsız”x9d deyən biz deyilik?! Qısa müddət ərzində cibgirlik, rüşvətxorluq hesabına var dövlət sahibi olanlara “müəllim”x9d deyib qabağına qaçan biz deyilik?! Bəlkə belə insanlara qınaq göstərmişik, onları adları ilə çağırmışıq?! Bu cür tipləri süfrənin başına oturdan, halal əməyi ilə dolanan alimləri, professorları qıraqda oturdan, elə onların yanında ayaq üstə o cibgirləri tərif edən biz deyilik?!
Kredit götürənlərin nə qədəri onu necə qaytaracağı barədə düşünür?! Cavab verirəm - çox az hissəsi. Əgər fikirləşsəydilər 20-30 %-ə, bəzi hallarda bundan da yüksək faizlə kredit götürməzdilər. Hələ verilən “şapka”x9dları demirəm. Banklardan kənar insanlar öz aralarında aylıq 10-15 faizlə də sələm götürürlər. Bu sahədə də artıq peşəkarlaşanlar var. Bu gün məhz bu səbəbdən yüzlərlə insan, o cümlədən xanımlar “dələduzluq”x9d maddəsi ilə həbsxanalardadırlar. Vəkil kimi yanıma yüzlərlə insan bu problemlə müraciət edib. Hamısı krediti necə ödəməmək barədə məsləhət almaq istəyib. Çoxları, o cümlədən, qohumlarım bankdan kredit götürməkdə köməklik etməyimi istəyiblər. Necə qaytaracaqlarını soruşduqda, hamısı bir nəfər kimi, “Allah kərimdir”x9d deyib. Bu fikirdən daşındırmaq istəyəndə isə düşmənə çevrilmişəm. Bu gün əhalinin ən azı yarısı kredit girovudur. Şərhlərdə çox düz yazırlar ki, banklar qan içirlər. Ancaq bu yırtıcı mexanizmdə özümüzün də hissə, iştirakçı olduğumuzu heç kim etiraf etmək istəmir!
Hər dəfə dediyim fikiri bir daha təkrar edirəm - biz hamımız dərk etməyincə ki, ölkədəki vəziyyət hər birimizdən asılıdır, heç nə düzələn deyil. Hər birimiz halal dolanmağın ən sərfəli, düz olduğunu anlamayınca bu sistemdə boğulmaqda davam edəcəyik. Bu günlərdə həyat yoldaşı şəhid olmuş, çox abırlı bir xanım mənə müraciət etdi. Bəlli oldu ki, xanım bu yaxınlarda evini satıb direktora verdiyi 10 min manat rüşvətə texnikuma 150 manat maaşa müəllim düzəlib. Texnikum direktoru başqa vəzifəyə keçdiyindən yeni gələn onu işdən çıxarmaq istəyir. Bu xanım bütün ciddi cəhdlə pulun qaytarılmasına yox, işdə qalmasında yardımçı olağımda təkid edirdi. Hər kəs halal əməklə yox, kiminsə, nəyinsə hesabına və yaxşı yaşamaq istəyir. Məmurlarımızın xəmirinin haramla yoğrulduğundan dəfələrlə yazmışam. Bəs kəndli, fəhləmiz necə? Onlar da bu cür dolanmaq istəyirlər. Bu yaxınlarda tikdirdiyim evin həyətində bir qayalığı düzəltmək üçün bir neçə fəhlə ilə danışdım. Bütün iş üçün 1500 manat istədilər. Razı oldum. 3 nəfər 3 gün işlədi. Hər dəfə gəldikdə çay dəstgahının şahidi oldum. İrad bildirdikdə isə “Aslan müəllim, bu iş siz bildiyiniz kimi deyil, söhbət mexaniki çəkiclə işləməkdən gedir”x9d. Elə onların yanındaca bir saat ərzində onların 3 günə gördükləri işi özüm gördüm.
Mövcud idarəetmə sistemini, hüquqi, iqtisadi, ictimai, siyasi münasibətləri quran bu hakimiyyətdir və bu sistem onlara işləyir və onları qoruyur. Ona görə də hakimiyyət bu vəziyyəti düzəltməkdə maraqlı deyil və heç vaxt da olmayacaq. Bu münasibətləri normal qanuni müstəvidə qurmaq vətəndaşların özlərindən asılıdır. Biz də bu sistemdən yararlanmaqla onu qorumuş oluruq. Ancaq şəxsən bizim cibimizə toxunan məsələlərdə qanunsuz olsa da qərar istəyəcəyiksə heç nə dəyişməyəcək. 6 milyard manatın oğurlanmasına susub, özümüzə toxunan bu məsələdə bu qədər haray salmağımız vəziyyətimizin həddindən artıq acınacaqlı olduğunu göstərir. Tək hakimiyyəti söyməklə, ancaq bunu edənlərdən qəhrəman düzəltməklə heç nə düzələn deyil. Ona görə də öz səhvlərimizi görmək, onu dilə gətirmək və düzəltmək də öz borcumuzdur.
Konstitusiya məhkəməsinin ancaq qanun əsasında işləməsi, qəbul olunmuş qərarın ancaq qanuna əsaslandığını düşünəcək qədər sadəlöhv deyiləm. Əminəm ki, əgər əvvəlki kimi havayı neft dollarları axsaydı heç vaxt manatın kursu dəyişməyəcəkdi. Bu sadəcə yaranmış böhran vəziyyəti ilə bağlı qəbul olunan qərardır. Ombudsmen aparatı isə o qədər də cəsarətli deyil ki, özbaşına, öz istəyi ilə həmin müraciəti Konstitusiya məhkəməsinə göndərsin. Sadəcə bu addım hakimiyyətin əhali arasındakı narazılığı tədricən söndürməyə yönəlmiş ağıllı "tryuk" idi.
P.S. 1992-ci ildə heç kimin tanımadığı, bir televiziya çıxışında heç bir əsaslandırma olmadan hər hamilə qadına 2 otaqlı ev verəcəyini, çörəyin, unun, qəndin, yağın qiymətini sovet dönəmindəkinə qaytaracağını, icad etdiyi möcüzəli silah ilə Qarabağı 3 aya azad edəcəyini söz verən Nizami Süleymanovu faktiki olaraq Prezident seçən millətik".































































































