Xəbər verildiyi kimi Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb və dəyəri 60 manat məbləğində müəyyən edilib. Hansı ki, bu qəraradək Azərbaycan vətəndaşlarına Naxçıvan-Bakı reysi üzrə bilet 50 manat idi.
Bu zərurət nədən yarandı?
Ekspertlərin fikrincə, növbəti mərhələdə də Bakıdan digər istiqamətlərə, xüsusilə xaricə çıxışda avireys biletlərinin qiymətlərində bahalaşma gözlənilir.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski Naxçıvandan sonra digər istiqamətlərə təyyarə biletlərinin qiymətinin qaldırılması ilə bağlı məsələyə münasibət bildirmək üçün qurumun rəsmi ümail ünvanına sorğu ilə müraciət etməyimizi istəyib.
Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, bahalaşma bütün dünyada gedir və buna səbəb yanacaq qiymətlərinin yüksəlməsidir:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Naxçıvan-Bakı aviareyslərinə BİLET BAHALAŞDI
“Naxçıvana aviareys qiymətləri stabil fiks idi və uzun müddət 50 manat qalmışdı. Yerli vətəndaşlar üçün belə qiymət formalaşmışdı. Əcnəbi vətəndaşlar üçün isə uçuş qiyməti 70 manatdır. Yerdə olan 20 manatı hökumət AZAL-a dövlət büdcəsindən mailiyyələşdirirdi. Dünənki qərarla hökumət bunu 20 manatdan 10 manata endirib. Hökumətin indi bu addımı atmasına gəlincə, təyyarələrin və havanın maya dəyəri artıb.
Bunun da əsas səbəbi uçuşlarda istifadə olunan təyyarə şirkətlərinin əməliyyat xərclərinin 30 faizinin yanacaq təşkil etməsidir. Yanacaq xərcləri isə 2008-ci ildən sonra ən yüksək səviyyədədir. Ölkədə inflyasiya gedir və AZAL-ın idarəetməsində istifadə etdiyi digər xidmətlərin də dəyəri artır. AZAL ziyanla işləyir və hökumət onun zərərini qarşılayır”.
Ekspert AZAL-ın idarəetməsində ciddi problemlərin mövcud olduğunu da qeyd edib. AZAL-dan kiçik şirkətlərin mənfəətlə işlədiyini vurğulayan Xalid Kərimli qurumun ölkənin resurslarını tükətməkdə davam etdiyini deyib:
“Bu qurumun hava sahəsində monopliya yaratması həmin xidmətdən istifadə edən sərnişinlərin də baha qiymət ödəməsinə gətirib çıxarır. Digər istiqamətlərdə də qiymətlər ötən illə müqayisədə kəskin bahalaşıb. Ümumilikdə dünyada təyyarə biletlərinin qiymətlərində ciddi bahalaşma müşahidə olunur. ABŞ-da son 1 ildə təyyarə biletlərinin qiyməti 33 faizə qədər artıb.
Bunun da səbəblərdindən biri yanacaq qiymətlərinin bahalaşması və təyyarələrə tələbin yüksəlməsidir. Təyyarə biznesində yanacağın qiyməti əvvəlcədən alınır. Yəni bir neçə ay əvvəldən yanacağın qiyməti bron edib sifariş verilir.
Son dövrlər yanacağın qiyməti qalxdığına görə aprel və may qiymətlərini yay aylarında hiss edəcəyik. Bir sözlə təyyarə xərclərinin artma ehtimalı var və bu qiymət hələ əks olunmayıb. Bundan əlavə yayda təyyarə biletlərinə tələbat daha çox olur ki, bu məqam da qiymətlərə təsir edir”.
Alçina Amilqızı, Bizim.Media