Şəkər tozunun şəkəri düşüb? – Bu dəfə alıcılara İRAD TUTULDU 

Hazırda oxunan: Şəkər tozunun şəkəri düşüb? – Bu dəfə alıcılara İRAD TUTULDU 

77945

Lap uşaqlıqdan hər birimizin sevimlisinə çevrilən “şirinçay” hələ də əksəriyyətin əvəzolunmaz səhər yeməyi hesab olunur. Şirinçayı isə təbii ki, şəkər tozu, qənd olmadan istehlak etmək mümkünsüzdür. Lakin uzun müddətdir ki, “şirinçay”lar artıq adının mahiyyətini daşıya bilmir.

Bakı sakini olan Mehriban Quliyevanın sözlərinə görə, şəkər artıq əvvəlki dadda deyil:

“Əvvəl çayı şirin etmək üçün cəmi 3 çay qaşığı şəkər tozu kifayət edirdisə, indi 6 qaşıq da tökürsən, şirin olmur. Tez-tez də qiyməti qalxır, dad yox amma qiymət baha...”   

Sözügedən fikirdə tək Mehriban xanım deyil, çoxumuz şəkərimizin şəkərindən narazıyıq.

Bəs nə baş verir, şirinimizin şiti niyə çıxıb?
 

MÖVZU İLƏ BAĞLI:

İdxalı 31 faiz artan şəkər tozu daha da BAHALAŞACAQ – ŞOK PROQNOZ


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşüb. O, şəkər tozlarının tərkibi haqında məlumat verib:

“Standartlara görə, şəkər tozunun şəkər dəyəri 99,9 faizi təşkil etməlidir. Şəkər çuğundurundan alınan şəkər tozunun təmizliyi 99,75% təşkil edir. Qarışıqlar yalnız 0,25% qəbul olunur. Şəkər istehsalı əsasən şəkər çuğunduru, şəkər qamışından əldə edilir. Əldə edilən şəkər rafinasiya olunur, rəngi ağardılır, şəkər səviyyəsi 99, 9 %-ə gətirilir ki, normal keyfiyyətli şəkər olsun. Lakin şəkər tozunda qarışıqların 0,25% olması şəkərin dad və xüsusən də qidalılıq xüsusiyyətlərində əks olunmur. Şəkər tozunu təmiz suda həll etdikdə suyun rəngi dəyişərsə (saralarsa, bozararsa), artıq bu, rafinasiya olunmamış, yəni saflaşdırılmamış şəkər sayılır”.

E.Hüseynovun sözlərinə görə, şəkərin dadı deyil, sadəcə insanların ağız dadları, zövqləri dəyişib: 

“Əhali arasında bəzən belə bir informasiyalar gəzir ki, xarici ölkələrdən gətirilən şəkər keyfiyyətsizdir. Düşünürəm ki, bu bir-biri ilə rəqabətdə olan müəssisələr tərəfindən yaradılan dezinformasiyadır. Şəkər tozları ölkədə və xaricdə də eyni standartlarla istehsal olunur. Burada şəkər tozlarının şirinlik dərəcəsində azalmanın müşahidəsi doğru deyil.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyi bu şeylərə nəzarət edir və standartlara uyğun gəlməyən şəkərləri Azərbaycana buraxılmasına icazə verilmir.

Sadəcə mən uzun illər istehlakçı hüquqlarını qoruyan biri kimi deyə bilərəm ki, ildən-ilə insanların ağız dadı dəyişir elə qidalar var ki, insanlar bəzən deyirlər ki, illər öncə bu daha dadlı idi. Amma onlar özlərində olan dəyişikliyin fərqinə varmırlar.
Qida rasionlarına elə şeylər daxil olur ki, həmin dadların təsirindən ağızda dad dəyişikliyi baş verir. Ümumiyyətlə əgər vətəndaşlar düşünürlərsə ki, aldıqları ərzağın, malın keyfiyyəti yoxdur o zaman Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlasınlar”, - deyə E. Hüseynov bildirib. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin