Bakıda başlanan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşdı - FOTO

Hazırda oxunan: Bakıda başlanan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşdı - FOTO

77711

ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Konqres iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Sonra Şuşa Realnı Məktəbinin önündə Konqresin bağlanış mərasimi keçirilib. Konqres Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Bağlanış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edib.

Rektor Hafiz Paşayev Konqresin məhz Şuşada yekunlaşmasının önəmindən, məsuliyyətindən söhbət açaraq bu tədbirin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə yüksək ehtiramın ifadəsi olduğunu deyib.

ADA Universitetinin rektoru çıxış zamanı Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən bəhs edərək regionda cərəyan edən proseslərdə iki ölkənin fəal rol oynadığını vurğulayıb.

Konqresin yekun tədbirində, həmçinin İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Qaziosmanpaşa Universitetinin rektoru Bünyamin Şahin, Mərmərə Universitetindən Ömər Türkər və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov çıxış ediblər.

Çıxışçılar tədbirin ikitərəfli akademik əlaqələrin daha da genişlənməsinə fayda verəcəyini bildirərək, bu formatda elmi müzakirələrin gələcəkdə də təşkilinin vacibliyini vurğulayıblar. Əlavə edilib ki, iyunun 2-də işə başlayan Konqres çərçivəsində 70-ə qədər panel müzakirəsi baş tutub.

Daha sonra Azərbaycan incəsənətinin tanınmış nümayəndələri – Bülbülün, Üzeyir Hacıbəylinin və Natəvanın güllələnmiş heykəllərinin qoyulduğu şəhər meydanına gələn iştirakçılar, həmçinin Qala divarlarını və Bülbülün ev-muzeyini ziyarət ediblər.

Sonda Cıdır düzünə gələn Konqres iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini anıb, onlara Allahdan rəhmət diləyib, ruhlarına dualar oxuyublar.

Qonaqlara, həmçinin Cıdır düzü haqqında məlumat verilib. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin