Bir neçə gün öncə bloger və influenserlərin diplomatik korpusla Kəlbəcərə səfər etməsi istər jurnalistlər, istərsə də siravi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Lakin onların paylaşımlarına, hekayələrinə diqqətlə baxanda çox insanın yaxşı mənada təsirləndiyini görmək mümkündür. Jurnalistlərin isə yazdığı yazılar, hazırladıqları materiallar sözügedən blogerlərin bir şəkil paylaşımından daha az diqqət görür. Bu halda blogerlərin işğaldan azad olunmuş ərazilərə getməsi, oradan şəkil, video paylaşması jurnalistlərin yazdığı publisistik, yazılarından daha effektiv və izləyicilərə maraqlı olması məsələsi ortaya çıxır.
Bu həqiqətənmi belədir?
MÖVZU İLƏ BAĞLI:
Diplomatlar Kəlbəcərdə oldular – YENİLƏNİB - FOTO
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşüb.
Onun sözlərinə görə, bu məsələdə jurnalistlərlə blogerləri müqayisə etmək yanlış olar:
“Burada jurnalistlərimizi günahlandırmamalıyıq. Çünki onların əksəriyyətinin işğaldan azad olunmuş ərazilərdən çox keyfiyyətli, təsirli yazıları, materialları var. Təəssüf ki, dövr elə gətirib ki, indi dəyərli, ciddi yazılara insanlar meyil etmir, daha çox yüngül, az vaxt sərf olunan informasiyalara, şəkillərə maraq göstərirlər. Ona görə də, ciddi medialar hazırda çətin günlərini yaşayırlar. Mən də düzü, bloger, influenserləri tanımırdım və bu məsələyə münasibətim fərqli idi.
Amma şəkillərdən sonra instagramlarına baxdım, düşündüm ki, bu da bir təbliğat metodudur. Çünki bu blogerlərin instagramda böyük, fərqli təbəqələrdən olan, hətta xaricdən belə izləyici kütlələri var.
Bu izləyicilərin də təbii ki, həmin paylaşımları görüb bizim gözəl məkanlarımıza marağı artacaq. Mən bu hadisəyə çox müsbət baxıram. Amma ciddi media ilə bloger və influenserlərin qarşı-qarşıya qoymağın tərəfdarı deyiləm. Çünki ciddi medianın təbliğatı hər zaman vacibdir. Bir müddətdən sonra dövr yenidən sözügedən mediaların verdiyi məlumatlara marağı artıracaq”, - deyə R.Məcid fikirlərini bildirib.
Qeyd edək ki, influenserlərin də yer aldığı səfərdə 50-dən çox ölkə, 10-dan çox təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndə iştirak edib.
Səkinə Yusibli, Bizim.Media