Ötən gün Təhsil naziri deyib ki, “Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur”.
Acı da olsa həqiqətdir. Bu problemin tək səbəbi isə cəmiyyətimizdə təhsilin kommersiyalaşmasıdır.
İndi hər bir valideyn övladının diplom alması üçün bütün risqlərə gedir. Baxmayaraq ki, “təki diplom olsun” prinsipi qüsurlu olduğu qədər də qorxuludur. Çünki, bizlər cəmiyyətə savadlı, bilikli və ləyaqətli övlad təqdim etdməkdən daha çox rahat qazanc imkanı verə biləcək ali təhsil haqqında düşünürük.
Nəticədə, hər bir valideyn uşaq bağçaya getdiyi gündən orta məktəbi qurtarana qədər açırıq sandığı, tökürük pulları. Baxçada tərbiyəçiyə “şirinnik” veririksə, orta məktəbdə bunun adı “zəhmət haqqı”olur. Hazırda ixtiyari ibtidai sinifdə olan 25 şagirddən ən azı 20-si dərsdən sonra müəllim yanına gedir. Çünki, valideynlərin niyyətini yaxşı oxuyan müəllim korporativ maraqları üçün əksər valideynləri istədiyi cür idarə edir. Yuxarı siniflərdə isə vəziyyət bir qədər fərqlənir. Məsələn 5-8-ci sinifdə oxuyan uşaqların valideynləri bu dövrdə çalışır ki, övladları ən azı iki xarici dil öyrənsin. Və bu zaman yenə “işgüzar” müəllimlərin üzü gülür.
Nəhayət 9-cu sinifdən başlayaraq əksər valideynlər uşaqlarını ən azı 5 fənn üzrə repetitor yanına göndərir.
Burada isə qiymətlər ərazilərdən və valideynin(uşağın yox, haaa) ixtisas seçimindən asılı olaraq dəyişir. Əgər bölgələrdə bir fən üzrə hazırlıq qiyməti 50-70 manat arasında qərarlaşırsa, paytaxtda və iri şəhərlərə bu qiymət 100-200 manat arasında dəyişir. Bu hesabla regionlarda bir uşağın orta məktəbi müvəffəqiyyətlə başa vurması 5-7 min manata başa gəlirsə, Bakıda və digər iri şəhərlərdə bu rəqəm 15-25 min manat arasında dəyişir.
Nəhayət, uşaq hansısa ali məktəbə qəbul olur. Çox zaman da pulluya düşür. Çünki, qəbul planının 70 faizi pullu ixtisasları əhatə edir. Burda da hər il valideyn 2-3 min manatından keçməli olur. Nəticədə 21 yaşlı gənc bakalavr diploma ilə düşür küçələrə iş axtarmağa. Yalnız bu zaman bəzi valideyn nə qədər səhv etdiyini başa düşür. Görür ki, çox böyük miqdarda vəsait xərcləsə də övladına sevdiyi və cəmiyyətdə daha çox ehtiyac olduğu ixtisası verə bilməyib.
Təbii ki, valideynlərin bu cür yanlış seçimi bəzən övlad üçün ömürlük problem olur. Ona görə də bu gün repetitorluq təkcə təhsil sektorunu narahat edən məsələ deyil, həm də sosial problemdir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Elşad Qafarov da dedi ki, “Kölgə təhsili” adlandırılan repetitorluq təhsil sektorunun bütün pillələrində metostas verib. Və bu məsələdə nə yazıq ki, ən çox itirənlər də məhz valideynlərdir.
Çünki, bu məsələdə repetitorla yanaşı məktəblər də qəbul nəticələrinə görə qazanclı çıxır. Ona görə də repetitorluq artıq sosial problemə çevrilib. Buna qarşı mübarizə isə kompleks şəkildə olmalıdır”.
Elşad Qafarov onu da əlavə etdi ki, “bu gün “kölgə təhsili”ndə milyonlar dövr edir. Çox təəssüf ki, bu milyonlardan konkret adamlar pay alır. Nə dövlət qazanır, nə də xalq”.
Müsahibimiz sonda bir məsələni də diqqətə çatdırdı ki, “repetitorluq uşaqların ciddi şəkildə hüquqlarını pozur. Çünki, müvafiq qaydalara əsasən ibtidai sinif şagirdinə dərsdən sonra ancaq bir saat, yuxarı siniflər üçünsə 4 saat davamlı dərs keçilə bilər. Təəssüf ki, hazırda aşağı siniflərə repetitorlar 2-3, yuxarı siniflərə isə 6-8 saat əlavə dərs keçirlər. Bu isə uşaqların sağlamlığı üçün də ciddi təhlükə yaradır”.
Repetitorlar da təbii ki, həmin məktəbin müəllimləridir. Çox zaman onlar məktəbdə görməli işlərini qəsdən bu kurslara daşıyırlar ki, valideynlər asılı qalsınlar. Hətta bəzi siniflərdə həmin kurslara qatılmayan şagirdlər “müvafiq şəkildə” cəzalandırılır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 03.06.2022
Repetitorlar SOSİAL PROBLEMƏ necə çevrilir? – “Kölgə təhsili”ndəki MİLYONLAR
Hazırda oxunan: Repetitorlar SOSİAL PROBLEMƏ necə çevrilir? – “Kölgə təhsili”ndəki MİLYONLAR
Hazırda oxunan: Repetitorlar SOSİAL PROBLEMƏ necə çevrilir? – “Kölgə təhsili”ndəki MİLYONLAR
77523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.