Ölkədə eşşəklərin sayı azaldı – Ekspert səbəbini açıqladı

Hazırda oxunan: Ölkədə eşşəklərin sayı azaldı – Ekspert səbəbini açıqladı

7750

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə son 10 ildə eşşəklərin sayı 21 min azalıb. Belə ki, bu rəqəm 2010-cu ildə 46 min təşkil etsə də bu il 25 min 800 olub. 

Bəs, bu azalmanın səbəbi nədir?

Ta qədimdən Azərbaycanın bölgələrində yük daşınmada və bir ərazidən digərinə yol qət etməkdə ən yaxşı vasitələrdən biri eşşək olub. Zaman keçdikcə texnologiyanın inkişafı bu heyvana olan tələbatı xeyli azaldıb.

Çünki yükdaşımada və nəqliyyatda əsas funksiyanı avtomobillər öz öhdəsinə götürüb. Eşşəklərdən isə kənd yerlərində xırda-para işləri görmək üçün istifadə olunur. 

Mövzunu kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli ilə davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında kənd yerlərində eşşəklərin azalmasının otlaq yerləri ilə bağlı olduğunu bildirdi.

''Bir vaxtlar Azərbaycan höküməti eşşəkləri idxal edirdi. Hətta, 7-8 il əvvəl onların çoxalması ilə bağlı statistika da var idi. Azalma həm də, yük heyvanlarına tələbatın olmaması ilə bağlıdır. Bilirik ki, ucqar kəndlərə yol çəkilib, infrastruktur qurulub. Əvvəllər eşşəklərdən ucqar kəndlərdə su, odun gətirmək üçün istifadə olunurdu''.

''İndisə o kəndlərin sakinləri qazdan istifadə edir, odun hazırlamır. Ölkənin 96 faiz qazlaşdırılması da buna öz təsirini göstərib. Nəticədə, bu heyvanlara tələbat aşağı düşüb. Ən əsası isə bu heyvanı saxlamaq, yemləmək də xeyli çətinləşib''.

“Bu heyvanların kəsilib ət əvəzinə əhaliyə satılması azalmaya təsir edirmi?” sualını ekspert belə cavablandırdı. 

“Əlimizdə bununla bağlı fakt yoxdur. Fakt olmadığı üçün ehtimallarla danışmaq düzgün deyil. Mənim qənaətim odur ki, artıq onlara tələbat yoxdur”.

Vüqar Ağamalıoğlu, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin