DİN-dən qazini qucaqlayaraq gündəm olan polislə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən qazini qucaqlayaraq gündəm olan polislə bağlı AÇIQLAMA 

77422

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına əllilik təyinatı ilə bağlı etirazlardan sonra nazirliyin qapısını sındıraraq içəri girən qazini qucaqlayan polislə bağlı ictimaiyyətdə müsbət rəy formalaşıb. 

Zorakılığa zorakılıqla deyil, qucaq açmaqla cavab verən, hiddətlənmiş insanı, keçmiş döyüşçünü bağrına basaraq, insani davranış sərgiləyən, ən əsası isə qazini sakitləşdirən polis günün qəhrəmanına çevrilib.

Sosial şəbəkələ istifadəçiləri tərəfindən davranışına görə alqışlanan polis əməkdaşının etdiyi təqdirəlayiq addımına görə mükafatlandırılması da təklif olunub. 

Qeyd edək ki, günün qəhrəmanı əslən Füzuli rayonundan olan, hazırda Yasamal rayonu Post Patrul Xidməti bölüyündə xidmət edən 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğludur.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev polis əməkdaşının bu davranışına görə sosial şəbəkələrdə fikir bildirən hər bir şəxsə təşəkkür edib:

“Polis əməkdaşının davranışı təqdir olunandır. Əlavə şərhim yoxdur. Çünki elə dəyərlər var ki, onun şərhini, qiymətini cəmiyyət verir”, -deyə Elşad Hacıyev qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin