Beynəlxalq güclərin dəstəyi ilə Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti təkcə bir milyon soydaşımızı isti dədə-baba ocağından didərgin salmadı, eyni zamanda yüzlərlə soydaşmız dogma evinə həsrət qaldı. Söhbət məcburi köçkünlər tərəfindən zəbt olunmuş evlərdən gedir.
Son 30 ildə Bakıda və digər iri şəhərlərdə onlarla insanın şəxsi mənzili məcburi köçkünlər tərəfindən zəbt edilib. Və bu günədək həmin evlər sahiblərinə qaytarılmayıb.
Qeyd edək ki, ötən dövr ərzində məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin boşaldılması barədə müxtəlif instansiyalı məhkəmələrdə 450-dən artıq qətnamə çıxarılıb. Lakin müəyyən səbəblərdən bu qətnamələrin demək olar ki, 99 faizi icra olunmayıb. Hətta 30-dan artıq iddiaçı İnsan Haqları üzrə Avropa Məhkəməsinə qədər gedib çıxıb.
MÖVZU İLƏ BAĞLI:
Keçmiş məcburi köçkünlər üçün tikilən mənzillər satışa çıxarılır
Böyük Qələbədən sonra zəbt olunmuş mənzillər boşaldılacaqmı?
44 günlük müharibədə əldə olunan Böyük Qələbədən sonra mənzilləri zəbt olunmuş insanlarda bir inam yaranıb ki, nəhayət onlar öz mənzillərinə sahib çıxa biləcəklər.
Bizim.Media ilə söhbətində Millət vəkili Fazil Qzənfəroğlu məsələnin olduqca aktual olduğunu bildirib. Dedi ki, “Son 30 ildə məcburi köçkünlər tərəfindən nəinki, ayrı- ayrı vətəndaşların mənzilləri, eləcə də bir çox sahibkarın əmlakları zəbt olunub.Nəticədə mənzil sahibi evsiz, sahibkarsa mülksüz qalıb.
Ən pisi də odur ki, zəbt edən insanların bir çoxunun başqa-başqa yerlərdə də evləri var. Di gəl ki, zəbt etdikləri mənzilləri boşaltmaq fikrində deyillər”.
Millət vəkili daha sonra əlavə etdi ki, “Qələbədən sonra bu məsələnin həllinə ümid artıb. Bu sahədə bir hərəkətlilik var. İnanmaq istərdik ki, Böyük Qayıdış proqramının icrası vaxtı ilk növbədə mənzilləri və obyektləri zəbt eliyən vətəndaşlar köçürüləcək. Digər vətəndaşlarımızın da 30 illik ev həsrətinə son qoyulacaq”.
Surxay Atakişiyev, Bizim.Media