13 yaşlı məktəbli dəfn edildi: "Şəhid qardaşının son uşaq bayramı...” - FOTO

Hazırda oxunan: 13 yaşlı məktəbli dəfn edildi: "Şəhid qardaşının son uşaq bayramı...” - FOTO

77411

Xəbər verdiyimiz kimi, Siyəzəndə 13 yaşlı məktəbli Məhəmməd Musa oğlu Rəfiyev gecə saatlarında Siyəzən Müalicə Diaqnostika mərkəzində ölüb. Bakıya tibbi ekspertizaya göndərilən məktəbli artıq dəfn edilib.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi, ailə üzvləri, oxuduğu məktəbin müəllimləri və mərhumun sinif yoldaşları iştirak edib.

Dəfndə iştirak edən Siyəzən RİH başçısı Novruz Novruzov Bizim.Media-ya bildirib ki, "Rəfiyevlər  ailəsinin ağır günündə yanlarında olduq. Borcumuzdur. Ailənin böyük  oğlu Seyfəli Rəfiyev Vətən Müharibəsində Siyəzən rayonunun verdiyi ilk şəhiddir. 2020-ci il sentyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

Kəşfiyyatçı snayper və gizir  idi. Ailənin kiçik oğlu Məhəmməd isə gecə saatlarında yeməkdən boğulma nəticəsində vəfat edib.Ailələrinə bir daha başsağlığı verirəm".

Siyəzən şəhər Şirin İsmayılov adına 3 saylı tam orta məktəbin direktoru Ülviyyə Talıbova da Bizim.Media-ya ölən məktəblidən danışıb:

"Məhəmməd çox istiqanlı uşaq idi. Məktəbdən hər evə gedəndə bizimlə sağollaşırdı: "Sağ ol, müəllimə".

Məhəmməd şəhid qardaşı Seyfəli ilə fəxr edirdi. Məktəbimizdə Seyfəli ilə bağlı bütün tədbirlərdə fəal iştirak edirdi. Ötən gün də uşaq günü ilə bağlı  sinifdaxili tədbirdə iştirak edib. Heç bilməzdik ki, dünən Məhəmmədin məktəbə son gəlişi və iştirak etdiyi son uşaq bayramıdır".

Qeyd edək ki,13 yaşlı Məhəmməd Rəfiyev ötən gecə evlərində yemək yeyərkən boğulub və Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə gətirilsə də həkimlərin ciddi səyinə baxmayaraq keçinib.

Məktəblinin ölümü ilə bağlı Siyəzən rayon prokurorluğunda araşdırma  başlanılıb, ölümün tam səbəbi ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin