Ötən gecə Bakı-Quba yolunun 68-ci km-də - Xızı rayonunun Meşədihəsənli kəndindən keçən hissəsində baş verən ağır qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində CM-nin 263.2 maddəsi ilə cinayət işi açılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ötən gecə Xızı rayonu ərazisində qeydə alınan dəhşətli qəza Bakı-Quba yolunun yeni təmir olunan hissəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Quba yolunda dəhşətli qəza: Nişanlı oğlan öldü - FOTO
Qəza nəticəsində 62 yaşlı Bakı sakini Alimbəy Səydullayevin idarə etdiyi "Mitbusi Pikap"markalı avtomobillə Xızının Altıağac qəsəbə sakini, 27 yaşlı İbrahim Aslan oğlu Həsənovun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub.
Nəticədə ailə qurmağa hazırlaşan 27 yaşlı nişanlı gənc həyatını itirib.
Qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi istintaqın yekununda və avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Bildirilir ki, təmir işləri getdiyindən yolda hərəkət birtərəfli olduğundan hər iki istiqamətə nəqliyyat vasitələri buradan istifadə edir.
Baş Dövlət Yol Polisi idarəsi dəfələrlə sürücülərdən bu yoldan imkan daxilində ehtiyatla hərəkət etməyi tövsiyə etsə də, bəzi sürücülər nəticə çıxarmır.
Ötən gün baş verən qəzada da sürücülər, çox güman ki, iki istiqamətli olan birtərəfli yolda hərəkət etdiklərini nəzərə almayıblar. Nəticədə, belə ağır hadisə baş verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu