Boşanmadan da aliment almaq olarmı? - Kişilərə ŞAD XƏBƏR

Hazırda oxunan: Boşanmadan da aliment almaq olarmı? - Kişilərə ŞAD XƏBƏR

76992

Evlənib uğurlu ailə həyatına sahib olanlar qədər bu yolda uğursuzluq yaşayan, evlənib lakin ailə olmağı bacara bilməyən şəxslər də var. Çox zaman madiyyat səbəbindən ailələrdə yaranan bu hərcməclik böyük problemlərə səbəb olur. 

Şikayətçi Elnarə Əliyeva da ailə həyatında belə problemlərin olduğunu qeyd edərək, həyat yoldaşının onu maddi cəhətdən qarşılaya bilmədiyini qeyd edib:

“Biz sevərək ailə həyatı qurmuşuq. Lakin evləndikdən sonra hər şey dəyişdi, yoldaşım nə mənim, nə də körpəmin ehtiyaclarını qarşılamır. Amma buna görə də boşanmaq, ayrılmaq istəmirəm”, - deyən E.Əliyeva çıxış yolu axtardığını qeyd edir.

Bu halda qadının nə etməli olduğu isə müzakirə mövzusudur. Bəs boşanma olmadan qadın və ya kişi qarşı tərəfdən aliment tələb edə bilərmi? 

Sualımızı vəkil Fariz Namazlı cavablandırıb. O, Bizim.Media-ya açıqlamasında boşanmadan da aliment almağın mümkün olduğunu bildirib:

“Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Rəsmi və ya qeyri rəsmi qurulan ailələrdə də qadın və ya kişinin aliment tələb etmək hüququ var və bu qanunla tənzimlənir. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir”.

Vəkil həmçinin kişilərin aliment alma hüququ və onun necə tənzimlənməsindən də söz açıb:

“Adətən ayrılma halları zamanı uşaqlar anada qaldığı üçün əksəriyyət düşünür ki, alimenti yalnız qadınlar ala bilər. Lakin bu doğru deyil, himayəsində yetkinlik yaşına çatmayan övladı olan kişilər də qadından aliment tələb edə bilər. Qadın və kişilər bütün hüquqlarda bərabərdir”, - deyə F.Namazlı qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin