Xəbər verildiyi kimi Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllimin aldadılması ilə bağlı məlumat yayılıb. İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Şuşa 1 saylı tam orta məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.
Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün 22 manat ödəyib. Amma Əlizamin Canızadə deyilən vaxtdan etibarən yoxa çıxıb.
Əvvəlcədən səfər üçün vəd edilən nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) sözügedən məsələ ilə bağlı araşdırmalara başlayıb.
Bizim.Media məsələyə aydınlıq gətirmək üçün dələduzluqda adı keçən “Şimşək” Turizm Şirkəti ilə əlaqə yaradıb.
MÖVZU İLƏ BAĞLI:
DİN-dən Şuşaya səfər adı ilə müəllimləri aldadan turizm şirkətinin rəhbəri barədə ARAŞDIRMA
Şirkətin rəhbəri Tofiq Məmmədov qeyd olunan hadisədən xəbərsiz olduğunu və şirkətin ümumiyyətlə turla məşğul olmadığını bildirib:
“”Şimşək” Turizm şirkəti bizik, amma tur təşkil etmirik. 2009-cu ildən fəaliyyət göstərən şirkətimizin Qax rayonunun İlisu kəndində oteli, restoranı var. Əlizamin Canızadə adlı şəxs də tanımırıq. Belə bir adamın bizlə əlaqəsi yoxdur. Kimdirsə, dələduzdur. Polis və prokurorluq var, məşğul olsun. Cinayət işi qaldırılsın. Hər halda belə bir dələduzluqda şirkətimizin adının hallanması bizim üçün xoş deyil və işgüzar nüfuzumuza xələl gətirir”, - deyə Tofiq Məmmədov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media