“Bu, sadəcə bir siqnaldır. Əmin olun, Vüsal kimilər affekt duruma düşüb kimlərisə yaralayan, ailədaxili cinayətlər, münaqişələr törədən qazilərimiz yetəri qədər olacaq”.
Bunu Bizim.Media-ya tanınmış psixoloq, “HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu dövlət tərəfindən Vətən müharibəsi iştirakçılarına psixoloji dəstəyin təmin edilməsi məsələsindən danışarkən deyib. Psixoloq qeyd edib ki, dünya praktikasında müharibədən çıxmış və hərbi münaqişə görmüş insanlar konkret psixoloji reablitasiyadan keçməmiş cəmiyyətə buraxılmır:
“Rusiyanın bütün kriminal aləmini bu gün Əfqanıstanda və keçmiş potsovet ölkələrindəki münaqişə zonalarında döyüşmüş insanlar formalaşdırır. Onların içərisində yetəri qədər Qarabağda döyüşən azərbaycanlılar var. Dünya ölkələri münaqişə görmüş insanlarını konkret olaraq psixoloji dəstəklə təmin edir. Azərbaycanda isə döyüşən insanımızı başqa eyforiya ilə görürük və onların psixoloji travmalarını görməzdən gəlirik. Nəticə etibarilə bu gün yaşananlar baş verir”.
Psixoloq hesab edir ki, əgər dövlət total şəkildə müharibə görmüş şəxslərimizi və qazilərimizi psixoloji dəstəklə təmin etməsə, bundan qaçış yoxdur:
“Boş-boşuna, eyforik bir şəkildə danışmaqla heç nə əldə edə bilməyəcəyik. Müharibədə qan görən və konkret olaraq öldürməyi öyrənən adamlar psixoloji reablitasiyasız cəmiyyətdə özlərinə necə yer tapa bilərlər? Nəzərə almaq lazımdır ki, bu adamlar həm də qalib ordunun əsgərləridir. Onlar özlərini bütün məsələlərdə haqlı, hətta qanunlardan üstün görürlər”.
Tariyel Faziloğlunun sözlərinə görə bu məsələ bir neçə psixoloqun könüllü şəkildə edə biləcəyi bir iş deyil:
“Müharibədə on minlərlə insan döyüşür. Bu qədər müharibə iştirakçısının psixoloji problemini 3-5 psixoloqun yardımı ilə aradan qaldırmaq olmaz. Bunun üçün dövlət kütləvi və kompleks tədbirlərə başlamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində psixoloji mərkəzlər yaradılmalıdır. Veteranlara, qazilərə və şəhid ailələrinə psixoloji dəstək göstərilməsi vacib və məcburi olmalıdır".
"Yoxsa, yaşayacağımız problemlər və sıxıntılar günü-gündən artacaq. Məsələn Türkiyədə eyni hadisəni yaşayanlar və ağır əməliyyatlıarda iştirak edənlər daim psixoloji dəstək alırlar. Dövlət, əsasən ordu o dəstəyi həmin insanlardan əsirgəmir. Bununla belə, Türkiyədə kriminal ailə müharibə görmüş insanların üzərindədir”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayevin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılırır.
II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması alıb. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zəylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirib.
Alçina Amilqızı, Bizim.Media