Bu gün Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə Bərdə rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayonun orta məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında “Nə? Harada? Nə zaman?”x9d intellektual oyununun rayon çempionatı keçirilib.
Çempionatda 9 şəhər və 8 kənd tam orta məktəbin komandaları iştirak etmişlər.Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq Azərbaycanda gənclərin hər tərəfli inkişafı üçün ölkə rəhbərliyi tərəfindən yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan danışmışdır. Bərdə rayon təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək belə tədbirlərin yeniyetmə gənclərin intellektual səviyyələrinin yüksəldilməsində böyük rolu olduğunu qeyd etmişdir.
Gərgin mübarizə şəraitində keçən çempionatda daha güclü oyun nümayiş etdirən Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası I, Nəriman Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin komandası II, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin komandası və Muğanlı kənd tam orta məktəbin komandaları isə III yerləri tutmuşlar. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.



























































































