Güclü yağışlardan sonra yaranan palçıq qatının yola axması səbəbindən bağlanan Quba-Xınalıq yolu tam açılıb.
Qubadakı 5 saylı yol-istismar idarəsinin sahə rəisi Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, ötən gecə bağlanan Quba-Xınalıq yolunun 52-57-ci km-də təmizləmə işləri aparılıb.
Yol əvvəlcə nəqliyyat vasitələrinin hərəkəti üçün qismən açılıb. Gün ərzində aparılan təmizləmə işlərindən sonra yol tam normal vəziyyətə gətirilib.
Bilal Sultanov yağışların davam edəcəyi təqdirdə Quba-Xınalıq yolunun qeyd edilən kilometrliklərində və digər hissəsində palçıq və ya torpaq sürüşməsinin baş verəcəyini istisna etməyib.
Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov da bağlanmış yolda indi heç bir maneə olmadığını deyib.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu.