Bu gün Salyanda ölüm hadisəsi baş verib. Rayon sakini 1970-ci il təvəllüdlü Natiq Əhmədov öldürülüb.
Bizim.Media hadisənin baş verməsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.
Toydan çıxıb evinə doğru gedən Salyan sakini küçədə bir siqaret üstündə qətlə yetirlib. Hadisə ötən gün axşam saatlarında rayonun Təbriz Xəlilbəyli küçəsində qeydə alınıb.
Salyan şəhər sakini, 31 yaşlı İnsanağa Əfsərağa oğlu Əsgərov şəhər sakini, 52 yaşlı Əhmədov Natiq Adil oğluna bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Şahidlərin sözlərinə görə, hadisədən qabaq qohum toyundan qayıdan N.Əhmədov bacısı oğlunu yola salarkən, sözügedən ünvanda şəhər sakini İ.Əsgərov qəflətən qarşısına çıxaraq ondan siqaret istəyib. Elə olay da bundan sonra baş verib.
Mərhumun bacısı oğlu deyir ki, tanımadığımız bir nəfər dayımdan siqaret istədi. Dayım siqareti olmadığını dedi. Sonra bir də baxdım ki, adam qaçmağa başlayıb. Dönüb dayıma baxanda gördüm ki, qan içindədir.
N.Əhmədov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən elə hadisə yerində dünyasını dəyişib.
Mərhumun üç qızı, bir oğlu qalıb. Bu yaxınlarda isə qızlarından birinin toyu olacaqdı.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Salyan rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu