Əvvəllər çox sadə, təmtəraqdan uzaq təşkil olunan toy mərasimləri indi “şöhrətpərəstlik”vasitəsinə çevrilib. Toy süfrələrindəki israfçılıq və qiymətlər ikrah doğuracaq səviyyəyə çatıb. İllərdir ki, hər kəs Azərbaycandakı dəbdəbəli toydan danışır, israfı qınayır və etiraz edir. Amma bununla yanaşı heç nə dəyişmir.
Bu yaxınlarda tanınmış şairə Nazilə Səfərli oğluna təşkil etdiyi dəbdəbəli toyu gündəmə gətirmişdi. Xanım şairə bir nəfərlik stulun 250 manat olduğunu vurğulayaraq toya çağırdığı qonaqların hər birininin ən azı 1000 manat məbləğində pul yazdırdığını qeyd etmişdi.
Bu isə sosial şəbəkələrdə ciddi səs-küy yaradaraq sadə vətəndaşların tənqidinə tuş gəlmişdi.
Pandemiya ilə əlaqədar toylara rəsmən icazə verildikdən sonra, qiymətlər daha da artaraq “cib yandıran” həddə çatıb. Bu gün restoranlarda bir stulun qiyməti 55 manatdan 500 manata qədər dəyişir. Hansı ki, vaxtilə bir stulun ən aşağı qiyməti 25 manatdan başlayırdı. Qiymət artımının əsas səbəblərindən biri isə qida məhsullarının bahalaşmasıdır.
Narazılıq yaradan bahalaşmanın və israfçılığın aradan qaldırılmasında hökumət də maraqlı deyil.
Restoran sahibləri isə hər fürsətdə stulun qiymətini “kəllə-çarxa” qaldırmaqda sərbəstlik nümayiş etdirirlər. Toy biznesinin hər kəs üçün zərərli olduğunu, cəmiyyətə fayda vermədiyini başa düşmək o qədər də çətin deyil. Şadlıq evləri və restoranlarda milli yeməklərdən ibarət sadə menyuların, milli musiqi və rəqslərimizdən ibarət repertuarların tətbiqinə ehtiyac var.
Sonunda bu məsələni tənzimləyən tapılacaqmı?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razı Nurullayev qeyd edib ki, toy süfrələrdə menyunun bu qədər baha və yeməyin bol olması, bəzi masalarda az qala 80 faiz yeməyin yeyilməyib israf olunması ən böyük narahatlıq yaradan məsələlərdəndir.
Mənim üçün ən ağır problemdir. Bəzi vətəndaşlarımız və ailələrimiz var ki, aylarla ət üzünə həsrət qalır. Nə qədər ehtiyacı olan uşaq evləri var. İsrafçılıq başa düşülən deyil. Mən düşünmürəm ki, kimsə toy edən zaman süfrənin üzərində yeməklərin bol olması, bahalı menyu verməsi yeni qurulan ailənin xoşbəxtliyi üçün çəkilən xərc deyil. Ailənin və övladların xoşbəxtliyi tamam başqa dəyərlərə söykənir. Bu, valideynlər tərəfindən sadəcə özünü göstərmək, bəhsə girmək və rəqabətdir. Restoranlar isə təbii ki, daha çox pul qazanmaq üçün bu şəkildə menyular təklif edirlər. Bu baxımdan mövcud olan, olmayan Avropa və Azərbaycan yeməyi adı altında müxtəlif menyu paketləri hazırlayıb təqdim edirlər. Bizdə məşhur atalar məsəli var. Ölünü də özbaşına qoysan, kəfəni yırtar. Məhz dövlət və hökumət də bunun üçündür ki, bu kimi məsələlər tənzimlənsin”.
MÖVZU İLƏ BAĞLI:
İnsanlar 150 nəfərlik toy məclislərindən niyə imtina edirlər? - VİDEOREPORTAJ
Deputat qeyd olunan məsələ ilə bağlı illər əvvəl irəli sürdüyü təklifi önə çəkib:
“Bu gün həmin təklifi növbəti dəfə səsləndirmək istəyirəm. Təbii ki, insanlara süfrədə nə qoyulmasına qadağa qoya bilmərik. Biz azad cəmiyyətdə yaşayırıq və insanların seçimi də olmalıdır. Bunu necə tənzimləyə bilərik? Ekspertlər bir nəfərin yeyə biləcəyi menyunu və restoranların yaxşı qazana biləcəyi məbləği hesablaya bilərlər. Deyək ki, maksimum bir nəfər üçün stulun qiyməti 40 manatdan 80 , yaxud 100 manata qədər müəyyənləşsin. Kimsə bu məbləğin üzərində toy edəcəksə, 500 manatda vergi versin. Bir nəfərə 500 manat xərc çəkilirsə, 500 manat da vergi ödəsin.
Kiminsə artıq pulu var, bir nəfərlik stulun qiymətini 5000 manat da edə bilər. Bir şərtlə ki, nəzərdə tutulan məbləğdə dövlətin vergisini ödəsin. Fikrimcə, bu, ən ədalətli bir yanaşma olardı”.
Razi Nurullayev əlavə edib ki, ümumiyyətlə bir çox məsələlər var ki, orada tənzimləmə düzgün getmir. Bundan isə həm dövlət, həm də vətəndaşlar ziyan çəkir. Bu baxımdan sözügedən tənzimləmələrə getmək vacib şərtlərdən biridir.
Alçina Amilqızı, Bizim.Meda