Elin Dənizi

Hazırda oxunan: Elin Dənizi

75756

                                                      

                                          “Sadəliyi alçaldılmaya qədər endirmək olmaz”x9d

A.A.Bakıxanov

 

Sadə adamlar hansısa bir səhvə yol verəndə, heç vaxt  onları qınamıram. Çünki, onlar adi adamlardır və bu qəbildən olan insanlardan  başqa bir şey gözləmək əbəsdir. Mən də sadə insanlarla sadə davranır, onlara  ədəb ərkanla salam verib keçirəm. Elə başa düşməyin ki, təkcə sadə adamlara  salam verib keçirəm. Əsla. Mən hamıya salam verirəm, hətta,  axmaqlara da. İnanmırsınız ? Nəyə desəniz and içərəm ki, mən onlarla  daha səmimi görüşürəm, hətta, ikiəlli görüşürəm. Allah onların canını sağ eləsin, onlara dünya durduqca uzun ömür versin.Səbəbi də odur ki, əgər, onlar olmasaydı, onda gərək biz özümüz axmaq olaydıq.                                                                                                            

Ciddi adamlar, tanınmış adamlar səhvə yol verəndə isə, açığı, onlarla heç görüşmürəm, onları qınayıram, özü də bərk qınayıram. Götürək çar rusiyası ordusunda vaxtilə qulluq etmiş,hamıya göz dağı olmuş  Gülüstan  və  Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi  iştirak etmiş,  polkovnik  ağamız Bakıxanovu. Əzizim bakılı balası, sizin sadəliklə nə işiniz var, niyə sadəliyi alçaqlıqla müqayisə edirsiniz? Məgər, başqa işiniz-gücünüz olmayıb ki? Axı, sizin bu mövzulara  toxunmağıniz, onları hallandırmağınız  başqaları kimi,mənə də toxunur, pis gəlir. İstər istəməz fikirləşirəm ki, siz  bu barədə  yazanda mənim mənsub olduğum və gecə gündüz fəxr etdiyim  (hətta, yuxuda da!)  xalqı nəzərdə tutmusunuz , onu lağa qoymusunuz . Mən də buna heç cürə imkan verə, yol verə bilmərəm,qətiyyən razı ola,dözə bilmərəm. Doğrudur, sizdən sonra da bu mövzuya toxunan, fikir bildirənlər olub, amma, sizə  çatan olmayıb. Əlbəttə, düşmən qulluğunda olduğunuz üçün  peşəkar zabit kimi nə yazmısınızsa  gizli, üstüörtülü yazmısınız, o biriləri  isə açıq, aydın yazıblar.                                                                                                                 

 Elə də uzağa getməyək, götürək  istedadlı dramaturq, bu gün  doğum  gününü qeyd edən Eldəniz  Quliyevi. Qardaş, başına dönüm, mən başa düşürəm ki, siz  siyasətə  heç də kefdən gəlmədiniz, baxıb gördünüz  ki, meydandakı siyasətçilər ortaya bir şey çıxara  bilmir, əllərindən fərli başlı bir şey gəlmir, iş gücləri bir birləri ilə didişməkdir, dartışmaqdır, boğuşmaqdır rejissorluğu tollayıb  bir kənara, qollarını çırmalayıb, “bismillah”x9d deyib, girdiniz meydana. Lap yaxşı, çox gözəl, çox pakizə, xoş gəldiniz, səfa gətirdiniz. Amma, bu o demək deyil ki, oturub- oturub ortaya bir çəltik atasınız, aləmi vurasınız bir birinə. Əvvəlcə durub bizim keşiyimizdən başqa hər şeyin keşiyində dayanan  möhtərəm və möhtəşəm polisimizin ünvanına bir iki  söz işlətdiniz və bu da nə az, nə çox, 9 gündən sonra düz 21 il nazir kürsüsündə oturmaqla dünyada rekord qıran(Ginnesin rekord kitabı hara baxır!) nazirimiz R.Usubovun xətrinə  bərk dəydi. Onun bir  işarəsi bəs elədi ki, o saat işin verildi  ədalətdən əsər əlamət qalmayan ədalət məhkəməsinə. Yenə allah üzünə baxdı,necə deyərlər,anan namaz üstə imiş,hakimlər  bu dəfə də nazirimizin sözünə baxdı,onun sözündən çıxmadı,sizi bağışladı,yüngülvarı cəzalandırdı,yoxsa,indi o biri heç nədən yatanlar kimi siz də oturmuşdun qazamatda. Bu sizə bəs etmədi, bu günlərdə  yenə sosial şəbəkədə, Facebookda yazdığınız bəs nədir? Yazırsınız ki, ”x9d Oyan  şirin  yuxudan, ey millət, nə vaxta qədər yatacaqsan?! ”x9d   Vallahi billahi mən bir şeyi başa düşmürəm, bu millət ona görə sizi oxudub, boya başa çatdırıb, ziyalılar təşkilatının sədri, Milli Şuranın üzvü edib ki, indi  də durub onu div yuxusundan oyadasan?                                                                                                                                                                              Milli Şuranın sədri, hörmətli professor Cəmil Həsənlinin sözü olmasın, bu uca, ucadan da lap uca millətim nə vaxt  lazım  bilsə ( ax,torpaqları işğaldan azad edəcək lazım!),onda gərnəşib,öskürüb, asqırıb gözlərini açacaq.Gəlin ,siz böyüyün sözünə qulaq asın,xeyir görərsiniz,  hələ ki, xalqı  yuxudan kal oyatmayın.Yuxudan kal oyanmağın düşər düşməzi olar. Birdən, allah eləməsin, kal oyanar, başına gətirilən müsibətlərdən, oyunlardan,məzələnmələrdən, yalançı təriflərdən, doğruçu təhqirlərdən xəbər tutar,əlindən xata çıxar.Oyansa, işdir şayətdir gözünü açsa ,millət görər ki :                                                                                                                                             

 --torpağı əldən verib ,YAP-çılar isə hapa-gopa basmaqla,cibişdanlarını doldurmaqla  məşğuldur;


 --ona məxsus sərvətlər çapılıb talanıb,qamarladıqlarını özləri qamarlayıb, yerdə qalanlarını da qohum əqrəbalarına, yadellilərə pay-püşk ediblər;   

 

 --düşmən münasibət nəticəsində namus əldən gedib,qızları,gəlinləri Dubayda qəbristanlıq yaradıblar;        

                                                                                                                            

--sayma seçmə oğulları şərlənərək zindanlara doldurulub-əzablara düçar edilib , oğrular,  banditlər isə  fironluq edir, atamanlıq eşqinə düşüblər ;                                                                      

--digər qism  ləyaqətli, şərafətli  oğuııarı ,  qızları isti dədə baba  yuvasından didərgin salınmış, vaxtilə babalarımızın adı gələndə papağını çıxarıb mil dayanan Conlara , İvanlara sığınmışlar;           

            

  --ədalətin keşiyində durmağa borclu olan məhkəmələr auksiona ,hüquq mühafizə orqanları  isə əsl bazara çevrilmişlər;                                                                                                                                                             

 --bələdiyyə,parlament,prezident seçkiləri  kütləvi surətdə saxtalaşdırılmış,layiq olmayan məxluqlar əldəqayırma mandatlara sahib çıxmış, millətdən xəbərsiz  “ millət vəkilləri”x9d onun adından  bazarlıq ,öz gödənləri üçünsə nökərçilik edirlər;                                                                                                                                                  

 -- torpaqlarımızı rusun əli ilə zəbt etmiş  ermənilər nəinki, layiqli yerlərində oturulmamış , əksinə, dığalarla qohumlar daha yüksək, yağlı  vəzifələrə sahib çıxmış, millətin şərəfini heçə endirmişlər.                                                                                                                                                                                   

Odur ki, əzizim  Eldəniz bəy, atalar ”x9d məsləhətli don gen olar”x9d deyiblər. Mənim də,əgər, qulaq asarsınızsa, sizə bir dost məsləhətim var. Özünüz  bilərsiniz, əməl etsəniz də sağ olun, etməsən də. Gəlin, imkan daxilində, bu millətə ağıl öyrətməyin,bu işi boş buraxın,onu  kal yuxudan oyadıb cin atına mindirməyin.Ondansa, millətin dərin yuxuya getməyindən,sadəliyindən sui-istifadə edərək onun belinə minmiş, bununla da millətlər arasında onu alçaltmış   YAP hakimiyyətinin şəninə şerlər yazın, nağıllar qoşun , dastanlar  bəzəyin, nəğmələr bəstələyin. Qoyun ,adınız tez-tez radiolardan, televiziyalardan, qəzetlərdən gəlsin, başına  bir yekə daş düçmüş, qara kürünü tıxmağa girişmiş beynəlxalq təşkilatların satılmış tribunalarından  da səsiniz  gəlsin. Unutmyın  ki,bu analoqsuz kampaniyanın həm sizə, həm də bizə  çox böyük xeyri olacaqdır.                                                                                                                                                                  

Sizə xeyri o olacaqdır ki, bu müdrik  yaşınızda şərlənərək zindana atılmayacaq, ABŞ və Avropa ölkələrini   çox ciddi  “narahat”x9d etməyəcək, sonra da qondarma əflə “ əf”x9d  olunmayacaqsınız.                                                                                                                                  

Bizim də qazancımız o olacaq ki,  sizin adındakı “dəniz”x9d sözünü  hər dəfə eşidib sevinəcəyik, fərəhlənəcəyik .Onunla təsəlli tapacağıq ki,bu hakimiyyət Xəzər dənizinin neftini içsə də,qazını  öz qazı bilib yolsa da,balığını,kürüsünü millətindən gizlədib Conlara satsa da, elimizin heç vaxt satılmayan, dəniz  kimi  vüqarlı  və qürurlu bir dənizi  də var, o da  :  E L D Ə NIZ                                          

 

20.04.2015      

Mətləb Mütəllimli, istiqlalçı millət vəkili.                                                   

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin