Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA

Hazırda oxunan: Gömrükdə ilişib qalan ''monopoliya'' - ARAŞDIRMA

7565

Azərbaycanda poçt göndərişlərinin gömrük orqanlarında ləngidilməsi ilə bağlı etirazlar səngimir. Dünyanın hər yerində geniş yayılmış elektron ticarət forması ilə bağlı ölkəmizdə xeyli boşluqlar müşahidə edilir.

Xüsusilə pandemiya dövründə insanların bu formada alış-veriş etməsinə zərurət və ehtiyac yaransa da, onlayn çatdırılmada mövcud olan ciddi sistemsizlik prosesi ləngidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO


Saytımıza daxil olan çoxsaylı şikayətlərə görə xaricdən sifariş edilən mal və bağlamalar günlərlə gömrükdə ilişib qalır. Malın gömrükdə yoxlanışda qalmasına görə isə sifarişçi əlavə pul ödəməlidir.

Vüsalə Cəfərova adlı şikayətçimizin dediyinə görə, noyabrın 28-də "Starex" karqo şirkəti vasitəsilə Türkiyədən 1 palto və 1 gödəkçə sifariş edib. Hər iki mal 592 TL-yə (127 manat 80 qəpik) təklif olunub. Şirkət tərəfindən müştəriyə 1 həftə ərzində malın çatdırılması vəd edilsə də, gödəkçə 30 günə, palto isə dünən çatdırılıb. Üstəlik ləngidilən malın çatdırılma xərcinə görə gödəkçəyə 16 manat, paltoya isə 11 manat 90 qəpik əlavə pul ödəyib.

Beləliklə, müştərinin 40 günə əldə etdiyi mal ona toplam olaraq 155 manat 50 qəpiyə başa gəlib. 

Bu müddət ərzində şikayətçimiz dəfələlərlə sifariş etdiyi karqo şirkətilə əlaqə saxlayaraq, malın nə zaman çatdırılması ilə maraqlanıb. Şirkətdən isə bildirilib ki, mal deyildiyi vaxtda yola çıxıb, çatdırılmasının zaman alması gömrük orqanlarında süni yaradılan ləngimə ilə bağlıdır. 

Qeyd edək ki, Azərbaycanda kifayət qədər karqo xidməti göstərən firmalar, iri şirkətlər var. Vətəndaşlar bu firmalarının köməyi ilə istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilirlər. Bəzi hallarda müştərini aldatma və gözlətmə problemləri olur ki, karqo firmaları bu məsələdə gömrük orqanlarının məsuliyyət daşıdıqlarını bildirirlər. 

Problemlə bağlı karqo firmaları ilə əlaqəmiz baş tutmasa da, araşdırmalarımız göstərdi ki, bəzi platformalarda onlayn ticarətlə məşğul olan insanlar bilərəkdən incidilir.

Problemlərin kökünün isə gömrük orqanlarından qaynaqlandığı məlum olub.  

Qeyd olunan şikayətlərdə beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyərinin 300 ABŞ dolları ekvivalenti məbləğində nəzərdə tutulması ilə bağlıdır. Limitdən eyni fiziki şəxsin adına bir ayda yalnız bir dəfə istifadə edilməsi imkanının tanınması narazılıq yaradıb. Halbuki bu məbləğ əvvəllər 1 000 ABŞ dolları olub. 

Ekspertlət isə hesab edir ki, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 dollar məbləğində limitin qoyulması istehlakçı hüququnun pozulmasıdır. Yəni limiti azaltmaqla bərabər həm də ondan istifadə hüququna məhdudiyyət tətbiq olunub. 

Çünki insanların həmin 300 dollarlıq limiti bir dəfəyə istifadə etmək, yəni, 500 manatlıq alış-veriş etmək imkanı yoxdur.

Sözügedən problemlə bağlı Dövlət Gömrük Komitəsindən münasibət öyrənmək cəhdimiz baş tutmadı. Komitənin mətbuat katibi Natiq Axundovla telefon zəngi ilə yanaşı sosial şəbəkələr vasitəsilə əlaqə  yaratmaq istəsək də, müraciətlərimiz cavabsız qaldı. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli isə elektron ticarətlə sifariş edilən poçt göndərişlərinin gömrük orqanlarında ilişib qalmasının Dövlət Gömrük Komitəsinin gömrük fəlsəfəsindən kənar, "öz dünyasında" fəaliyyət göstərməsinin nəticəsi olduğunu bildirdi:

''Bütün dünyada pandemiya dövründə onlayn sifarişlərin artdığı bir zamanda yaşayırıq. Yeni biznes formaları və növləri yaranır. Dövlətlər vətəndaşlarının kifayət qədər sərbəstlə məşğul olması, eləcə də əlaqələri genişləndirməsi ilə bağlı tədbirlər görür. Amma Azərbaycanda isə tam tərsinədir''.

''Birincisi, limitlə bağlı çox məntiqsiz bir qərar verilib. Bunu onunla əsaslandırdılar ki, insanlar sui-istifadə edirdilər və biznesə çevirirlər. Hətta belədirsə, bu sui-istifadə deyil, biznesə çevirilibsə, ondan müəyyən məbləğdə vergi tutmaq olar''.

''Bu verginin kiçik sahibkarlıq göstərməsi üçün imkanlar yaratmaq olar. Bunun qarşısını almaq, maneələr yaratmaqdansa, bunu biznesə çevirməyə və insanlara dəstək verməyə hazır olmaq lazım idi. Ona görə də 300 dollarlıq bir limitin qoyulması məntiqsiz bir qərar oldu''.  

Ekspertin sözlərinə görə hər bir mal üzrə ayrıca bəyannamənin rəsmiləşdirilməsi ilə bağlı qərar da absurddur:

''Qutunun içində qiyməti 300 dollara qədər olan bir neçə növ mal sifariş edirsənsə, ayrı-ayrı bunun  gömrük bəyannaməsi doldurulmalıdır. Bunun alt-yapısı normal olmadığından inanlar sadəcə buna daxil ola bilmirlər. Gömrük Komitəsi tərəfindən texniki olaraq çox primitiv bir təklif olunub. İnsanlar çoxlu sayda müraciət edəndə sayt çökür. Orada qeydiyyatdan keçmək və bəyannaməni göndərmək mümkün olmur. Çünki yüklənmə həddindən artıq çoxdur. Bu problemlərin nəticəsində dəymiş ziyanı yenə vətəndaş ödəyir. Hər bir bağlama ilə bağlı zamanından artıq anbarlarda qalarkən ayrıca vəsait – günə 3 avro ödənilir. Bəzən elə olur ki, malın öz qiymətindən onun saxlanma dəyəri daha baha başa gəlir.

Azərbaycanda gömrük sisteminin ümumi fəlsəfəsinin yalnış olduğunu vurğulayan iqtisadçı bu qurumun ciddi islahatlara ehtiyacı olduğunu dedi:

''Gömrük Komitəsi iqtisadiyyata dəstək olmaqdansa, iqtisadi aktivliyə maneəçilik yaradan bir orqana çevrilib. Artıq illərdir müzakirə olunan məsələ yenidən gündəmə gəlir ki, Gömrük Komitəsinin müstəqil bir qurum kimi fəaliyyət göstərməsi heç bir məntiqə sığmır. İqtisadiyyat Nazirliyinin nəzdində ayrıca departament kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Bu zaman büdcəyə daxil olan rüsum  və vergilərin heç olmasa eyni mərkəzdən idarə olunmasına nəzarət olunardı. Gömrük özünü ayrıca bir “respublika” kimi aparır və iqtisadi problemlərdən kənarda qalıb. Bu qurum öz oyun qaydalarını qoyur və qanunlarda nəzərdə tutulmayan tələblər irəli sürülür.
Mal gətirilərkən onun qiymətinə baxmırlar, özləri qiymət qoyurlar  və gömrük rüsumlarını bununla hesablayırlar. Bu da məntiqsizlikdir. Bununla bağlı da nə qanunverici baza, nə də normativ hüquqi aktlar var. Sadəcə Gömrük Komitəsinin öz icadıdır. Bütün bunlar kiçik və orta sahibkarlığa maneəçilik törədən, fiziki şəxslərin öz gündəlik tələbatını ödəmək üçün onlayn sifarişlərdən istifadə etməkdə ciddi məhdudiyyətlər yaradır. 

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür.

Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur". 

 Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. 

Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin