Xəbər verildiyi kimi, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxış edib.
Deputat hesab edir ki, Britaniya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət-ailə strategiyasının hazırlanması ilə bağlı Komitə nazirliyə çevrilməlidir.
Sözügedən konfransa iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd olunan təklifə münasibət bildirməyib.
MÖVZU İLƏ BAĞLI:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nazirliyə ÇEVRİLSİN” – TƏKLİF
Zahid Orucun bu təklifi ictimaiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə məsələyə sərt reaksiyalar verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uzun illik fəaliyyətinin səmərəsiz və effektsiz olduğunu vurğulayan sosial şəbəkə istifadəçiləri adı tənqidlə qarşılanan komitənin nazirliyə çevrilməsinə qarşı çıxıblar.
Əksinə şərhlərdə komitənin özünün ləğv edilməsi, yeni nazirliyə ehtiyac olmadığı kimi fikirlər qeyd edilib.
Məlumat üçün bildirək ki, Qadın Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə yaradılıb.
Ölkə başçısının 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətə başlayıb. 12 mart 2020-ci il tarixində Bahar Muradova Prezident tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Ondan əvvəl isə komitəyə hazırda Milli Məclisin üzvü olan Hicran Hüseynova rəhbərlik edib.
Sosial şəbəkə istifadəçilərinin məsələyə etiraz dolu şərhlərini təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media