“Filarmoniyanın gecə klubuna çevrilməsi razılaşdırılıb” – Mədəniyyət Komitəsi 

Hazırda oxunan: “Filarmoniyanın gecə klubuna çevrilməsi razılaşdırılıb” – Mədəniyyət Komitəsi 

75009

Əsası 1936-cı ildə qoyulan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib. Azərbaycanın mədəniyyət ocağında gənclərin təşkil etdiyi əyləncə proqramı əks olunub və bununla bağlı sosial şəbəkərlərdə videogörütnülər yayılıb. 

Uzun illərdir Azərbaycan musiqisinin və incəsənətinin xidmətində dayanan, bu məqsədlə fəaliyyət göstərən Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubu kimi fəaliyyət göstərməsi ictimaiyyətdə ciddi tənqid edilib. 

Maraqlıdır, uzun tarixi dövr keçmiş Filarmoniyanın binasını gecə klubuna çevirmək istəyən kimlərdir?

Bu suala cavab tapmaq üçün Filarmoniyanın rəsmisi Nərgiz xanımla əlaqə yaratdıq. O, Bakıda olmadığını bildirərək, açıqlama verməkdən yayınıb. Mədəniyyət Nazirliyindən isə məsələdən xəbərdar olduqları və az sonra ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Filarmoniya binası icarəyə də verilirmiş...

Filarmoniyadan təfərrüatları öyrənməyə çalışdığımız zaman daha bir maraqlı məqamın şahidi olduq. Zəngimizə cavab verən xanım Filarmoniya binasının icarəyə verildiyini, məbləği dəqiqləşdirmək üçün isə Filarmoniyanın binasına şəxsən yaxınlaşmalı olduğumuzu bildirdi. Mediadan olduğumuzu biləndə isə günahkar biz imişik kimi nömrəmizi blok edərək vəziyyətdən çıxmağa çalışıb. Görünür, mətbuata açıqladığı vacib faktın məsuliyyətini isə dərk etməyib.

“Filarmoniyanın “gecə qondu”ya çevrilməsi razılaşdırılıb”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa isə Bizim.Media-ya bildirib ki, əhəmiyyətli mədəniyyət ocaqları və abidələr dövlət nəzarətindən kənara buraxılmamalıdır: 

“Dövlət bu istiqamətdə, hətta onun saxlanması üçün büdcəsən vəsait ayırmalı olsa belə istənilən məsələ həll edilməlidir. Filarmoniya da onlardan biridir. Hər halda Filarmoniyanın “gecə qondu”na çevrilməsi xəbərsiz bir iş deyil. Hansısa səviyyədə buna razılaşdırılmış addım kimi baxıla bilər. Bütün hallarda məsələ araşdırılmalıdır. Əgər onun saxlanması, xərcləri ilə bağlı problem varsa və narazıçılıq yaradırsa, o zaman bu məsələdə ciddi işlər görülməlidir.
 

Filarmoniyanın saxlanmasına vəsait yoxdursa, o zaman bu cür variantların düşünülməsi ola bilər. Amma onun quruluşuna, hansısa mədəniyyət mərkəzi kimi mahiyyətinə zərər vurmadan, gəlir gətirən vasitələrə diqqət etmək olar. Fikrimcə, bu mədəniyyət ocağı qorunmalıdır və hər hansı yan proseslər olmamalıdır”.  


“Dövlət cavabdeh olmalıdır”

Filarmoniyanın hamının qəbul etdiyi mədəniyyət ocağı olduğunu vurğulayan deputat binadan gəlir götürmək məqsədilə istifadə edilsə belə  ictimaiyyətə bu barədə açıq şəkildə izah verilməli olduğunu qeyd edib:

“Filarmoniyada hər hansı çay içmək məkanı və ya mədəni kafe açılmasının  ziyanı yoxdur. Gecə klubu kimi fəaliyyəti isə bir qədər müəmmalı görünür. Bəlkə də Filarmoniyanın maddi texniki təchizatını təmin etmək üçün belə bir qərar verilib. Binanın təmirinə və başqa tədbirlərinə dövlət büdcəsindən vəsait ayrılırsa, dövlət buna özəl mədəniyyət mərkəzi kimi baxmırsa, demək ki, onun saxlanmasına da dövlət cavabdeh olmalıdır”.  

Filarmoniyanın rəhbəri binanın hansı məqsədlə istifadə olunmasını yaxşı bilir...

Məlumat üçün bildirək ki, Səbail rayonunun Niyazi və İstiqlaliyyət küçəsinin kəsişməsində, hazırkı “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən, Bakının İtalyan intibahının Rokoko üslubunda yaradılmış incilərindən biri olan Filarmoniya binası 1937-ci ildən bəstəkar, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin adını daşıyır.

Azərbaycan musiqisinin yaradıcısı Üzeyir bəydən tutmuş milli musiqimizin dünya şöhrətli simaları bu tarixi binada Azərbaycan tamaşaçılarının qarşısına çıxır.

Azərbaycan müstəqillik qazanandan sonra 1996-2004-cü illərdə bina yenidən əsaslı təmir edilərək istifadəyə verilib. Milli və estrada musiqimizin beşiyi sayılan bu tarixi binanın disko kluba çevrilməsi, xarici musiqi sədaları altında əyləncə məkanına dönüşməsi, pul müqabilində icarəyə verilməsi sadəcə acınacaqlı durumdur. 
 

Çox güman ki, Filarmoniyanın hazırkı direktoru, xalq artisti, pianoçu Murad Adıgözəlzadə binanın hansı məqsədlə və necə istifadə olunmasını yaxşı bilir. Bu cür hallara göz yumması isə heç bir halda izaha gəlmir.


Ümid edirik ki, yazıda adı keçən şəxs və qurumlardan ictimaiyyətə tutarlı açıqlamalar veriləcək.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin