"Ailə institutuna sahib çıxmaq bir millətin öz gələcəyinə ən böyük sərmayəsidir".
Bizim.Media xəbər verir ki, bunu Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailə modelinin inkişaf strategiyası” konfransında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycanda çətinliyi olan ailələrin sayını azaltmaq istəyirik" - Bahar Muradova
Onun sözlərinə görə, xoşbəxt ailə ocaqlarının daha güclü cəmiyyətə çevrilməsi üçün çalışılır:
"Sülh və əmin-amanlığın hökm sürdüyü ailə modelinə tarixən xas olmayan ailələrdə xəyanət, övladlardan imtina, məişət zorakılığı, ailə münaqişələri, erkən nikahlar və s. antisosial dəyərləri təbliğ edən süjetlerin tirajlanması taleyüklü bir çağırış kimi qəbul olunmalıdır. Ölkə əhalisinin sayının artması əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalının sabit qalması, miqrasiyanın müsbət saldo ilə izlənilməsi və doğulanda gözlənilən ömür uzunluğunun yüksəlməsi ilə bağlıdır.
Lakin son 10 ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların ümumi əmsalı 8,9-dan 3,5-ə düşüb. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı 1-dən 1,5-ə qədər artıb”.
O qeyd edib ki, 2010-cu ildə nikahların sayı 79.172, boşanmaların sayı 9.061, 2020-ci ildə nikahların sayı 35.348, boşanmaların sayı isə 14.628 olub:
“Ölkədə ümumnəsilvermə əmsalında da azalma müşahidə edilir. Belə ki, 2010-ci ildə bu əmsal 2,3 idisə, 2020-ci ildə 1,7-ə qədər düşüb. Son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, 2010-cu ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 18,5 idisə, 2020-ci ildə bu göstərici 12,7-yə qədər enib. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində - Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada isə ən böyük - 4.7-nin dağılması faktını təşkil edir.
Xatırladaq ki, Azərbaycanın son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib - 1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb. Göründüyü kimi, ölkəmizin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institunun sabitliyinə təsir edir".
Z.Oruc qeyd edib ki, Azərbaycan indi yeni tarixi mərhələyə - Qarabağın azad edilməsi ilə başlayan yeni dövrə qədəm qoyub. Ölkəmizdə 1 milyondan artıq insanla bağlı işlədilən "qaçqın və məcburi köçkün ailəsi" ifadəsi tarixə qovuşub:
"Böyük Qayıdış" nəticəsində həmin ailələr doğma torpaqlarına qovuşacaqlar. Beləliklə, xalqımızın ailə sahəsində onilliklərlə mövcud olan ümummilli problemi həll edilib və milyonları əhatə edən qaçqın ailələr bundan sonrakı talelərində bir daha köçkünlük yaşamayacaqları inamı ilə baxır. İndi qalib Azərbaycan ailəsi, iki Qarabağ müharibəsində 23 mindən artıq şəhid verən və işğalla barışmayan məğrur azərbaycanlı ailəsi dünyada özünə xüsusi rəğbət və diqqət qazanıb. Prezident İlham Əliyev həmin Azərbaycan ailəsini qələbəyə gətirən dövlət siyasətinin önündə gedərkən, yaxın ailə üzvləri də bu milli mübarizədə onunla çiyin-çiyinə addımlayıblar".
Alçina Amilqızı, Bizim.Media