APA-nın Gürcüstan bürosunun məlumatına görə, faktla bağlı Ağtəhlə kəndindən olan 1 nəfər sakin saxlanılıb, həmin kənddə olan daha bir nəfərin isə ifadəsi alınıb.
Qardabani
rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov APA-ya açıqlamasında bu
gün oğurluqla əlaqədar Qaratəhlə kənd sakinlərinin Qaçiani polis məntəqəsinin
qarşısında etiraz aksiyası keçirdiklərini bildirib: "Aksiyada əsasən gənclər
iştirak edib. Kənd sakinlərinin tələbləri ödəniləcək və cinayət törədən şəxslər
qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaqlar. Qəbir hasarlarını
oğurlayanlardan biri artıq saxlanılıb və istintaq gedir".
Gürcüstanın baş nazirinin köməkçisi
Savalan Mirzəyev APA-ya
açıqlamasında Qaratəhlə kəndinin qəbiristanlığında baş verən oğurluğa münasibət
bildirib: "Hadisə ilə bağlı mən də həmin qəbiristanlıqda oldum və etiraz
aksiyası iştirakçıları ilə görüşüb söhbət etdim. Əlbəttə, narazılıq edənlər
haqlıdır, ən başlıcası, ortalıqda fakt var. Oğurluq edənlər artıq bəllidir.
Hadisə yerində Rustavi və Qaçiani polis idarələrinin əməkdaşları kənd sakinlərinin
köməyi ilə cinayət törədənləri yaxalayıblar. Onlardan biri 17-18 yaşlı gəncdir,
digəri isə taksi sürücüsüdür. Ağtəhlə kəndindən olan gənc artıq saxlanılıb,
taksi sürücüsü isə istintaqa ifadə verib və onun oğurluqda iştirakı təsdiqlənərsə,
hər iki şəxs yaxın günlərdə məhkəmə qarşısında cavab verəcəklər", deyə
Savalan Mirzəyev vurğulayıb.
Qeyd edək ki, oğurluq hadisəsi
ilə bağlı Rustavi-2 televiziya kanalı da xəbər yayımlayıb. Televiziya görüntülərindən
məlum olub ki, Gürcüstan parlamentinin sabiq parlament deputatı, hazırda Milli
Hərəkat Partiyasının Qardabani şöbəsinin rəhbəri Ramin Bayramov da etiraz
aksiyasında iştirak edib.

































































































