AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tanınmış pedaqoq və ziyalı Dilavər Əzimli Moderator.az-a açıqlamasında Azərbaycanda elmin və təhsilin mövcud vəziyyəti ilə bağlı fikirlərini dilə gətirib, problem və onların səbəblərinə toxunub:
"Bu
gün Azərbaycanda ən aktual problemlərdən biri də təhsil məsələsidir. Ciddi
problemdir. Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. İldən-ilə vəziyyət
pisləşir. Tələbələrin səviyyəsi aşağı düşür. Nəticədə tələbələr asan yolu-rüşvəti
seçirlər. Rüşvət alanları bir pedaqoq kimi qəbul etmirəm. Bu, müəllim şərəfinin
tapdalanması deməkdir. Amma maaşları azdır. Onlar da başqaları kimi dünyanın
yaxşı yerlərində dincəlmək, xarici maşınlarda gəzmək istəyirlər. Bu mənada bəziləri
üçün rüşvət artıq həyat tərzinə çevrilib. Mənə elə gəlir ki, burada cəmiyyətin
rolu da yüksəkdir. Valideynlər özləri də buna şərait yaradırlar. Onlar öz
övladları ilə maraqlanmırlar.
Övladları da onları aldadır. Biz də tələbə olmuşuq. Ən çətin müəllimdən belə
qiymət almışıq. Çünki oxuyan tələbəni kəsmək olmur. Bəs tələbələr niyə
oxumurlar? Bəzi tələbə var ki, 600-ə qədər bal toplayıb, amma oxumur. Bir neçə
ildir ki, bunu səbəblərini araşdırıram. Bəlli olur ki, tələbələrin əksəriyyəti
istədikləri sahəyə düşmürlər. Oxuduqları sahəni sevə bilmirlər. Digər tərəfdən,
tələbələr bilirlər ki, qurtardıqda ciddi çətinliklərlə üzləşəcəklər. Şəxsən mənim
o qədər qırmızı diplomla bitirən tələbələrim vardır ki, iş tapa bilmirlər. İş məsələsi
onları ruhdan salır. Əksəriyyəti düşünür ki, gedim alverlə məşğul olum. Tələbələrin
99 faizi isə xaricə getmək istəyir. Yüzlərlə tələbəm var ki, ən azı Türkiyəyə gedib
magistr, doktoranturada oxuyurlar. Çünki orada təhsil haqqı çox aşağıdır.
Magistraturanı bitirmiş çoxlu tələbələrim var idi ki, onları elmi fəaliyyətə
cəlb etdim. Onlar xarici dilləri çox yaxşı bilirlər. Amma axıra qədər
qalmırlar. Çünki 180 manata qədər pul alırlar. Bir az oxuduqdan sonra yol tapıb
xaricə gedirlər. Əvvəllər qızlar az gedirdilər, indi çoxalıb. Ciddi problemdir,
amma düşünən yoxdur. Şəxsən öz övladım da belə düşünür. Bu il BDU-nu bitirir.
Deyir ki, "ay ata, nə mənası var elmi dərəcənin? Sən nə edə bilisən? Sənə hörmətim
var ata kimi... Həm də təmiz, rüşvət almayan bir müəllim kimi... Səni tələbələrin
çox sevir. Amma çox əziyyət çəkirsən. Bizim maddi problemlərimiz səni üzür. Mən
sənin kimi alim olmaq istəmirəm. Çünki məni də təmiz böyütmüsən. Sənin kimi
yaşamağa məhkumam. Səni xaricdə daha yaxşı tanıyırlar. Hörmət edirlər. Mən
xaricdə təhsil alıb özümə şərait quracam. Mənim öz yolum vardır. Məni elmə cəlb
etmə". Deməyə sözüm olmadı. Amma həqiqət budur ki, təhsili olmayan bir
millət iflasa məhkumdur. Yəni, təhsil dövlətin ən ciddi sahəsidir. Bir də bir məsələyə
xüsusi toxunmaq istərdim. Bu da universitetlərdə tarixin müxtəlif dövrləri üzrə dərs
saatlarının azaldılmasıdır. Bir zamanlar Türkiyəli həmkarlarıma lağ edərdim ki,
sizlərdə tarix keçirilmir. Onu ədəbiyyatın içərisində öyrənirsiniz. İndi özümüz
o günə düşmüşük. Təsəvvür edin ki, qədim şərq tarixi ilə antik tarixi bir
semestrdə başa vurmalısan. Vaxtilə biz iki il keçirdik. Bir il qədim şərq
tarixini, bir il də antik tarix öyrənirdik. Sonradan bir ilə endirdilər. Hər
birinə altı ay verirdilər. İndi ikisini 3 ay yarıma öyrətməlisən. Dəhşətdir!
Belə tarix öyrənərlər. Azərbaycan tarixinin mühazirə və seminar saatları
azldılıb. Bu bizim Vətən tarixidir. Belə etmək olmaz! Təsəvvür edin ki, bəzi universitetlərdə
1000 illik bir dövrü 4 dərsə başa vurmalısan. Bu yalnız xronika öyrənməyə yetər.
Dostlar! Həmkarlar! Bu cür sistemlə necə tarixçi
yetişdirmək olar? Tarixdən ona görə danışıram ki, öz sahəmdir. Digər sahələrdə
də belədir. Əvəzində lazım olmayan fənlər tədris edirlər. Bu gün ABŞ, Avropa
tarixşünaslığı bizi hələ də müstəqil tarixşünaslığı olan ölkə kimi qəbul etmir.
Bizə münasibətdə İran tarixşünaslığından çıxış edirlər. Buna cavab olara biz isə
tarixmizi ortaya qoyan tarixçilər yetişdirməliyik. Bu, indiki gənclərin
arasından çıxmalıdır. Çünki onlar Avropa dillərini yaxşı bilirlər. Onlara qayşı
göstərməliyik! Vətən tarixinin saatları artırılmalıdr. Ümumiyyətlə, tarixin
saatlarına yenidən baxılmalıdır. Bir də maaş məsələsi....
Şirkətlərdə
süpürgəçi bu gün Azərbaycanda elmlər doktorunun aldığı maaşdan çox alır. Bununla
elmi qaldırmaq mümkün deyildir. Dərəcə maaşlarını artırmaq labüddür. Əks halda,
elmimiz cavanlaşa bilməyəcəkdir. Söhbət əsl elmə gələn cavanlardan gəlir. Belə
olmasa, biz elmimizi dünya səviyyəsində təmsil edə bilməyəcəyik!"


































































































