Xəzər rayonu Türkan qəsəbəsində küçələrə səpələnən məişət tullantıları ilə bağlı məsələni ictimailəşdirib, videogörüntü təqdim etmişdik. Sakinlərin saytımıza müraciəti əsasında Turkan yaşayiş massivinin Xanlar küçəsinin zibilliyə bürünməsi, küçələrə zibil qutularının yerləşdirilməməsi və yerə səpələnən məişət tullantılarının vaxtında daşınmamasını qeyd etmişdik. Eyni zamanda aidiyyəti qurumların uzun müddətdir ki, məsələyə biganəliyini bildirmişdik.
Problem Bizim.Media-da ictimailəşəndən sonra Xəzər Rayon İcra Hakimiyyəti hərəkətə keçib və yerli strukturlara tapşırıqlar verib.
MÖVZU İLƏ BAĞLI:
Türkan qəsəbəsində zibil DİZƏ ÇATIB – Biabırçı GÖRÜNTÜLƏR
Bu barədə Bizim.Media-ya açıqlamasında Türkan bələdiyyəsinin rəsmisi Akif Əliyev bildirib.
Onun sözlərinə görə problem yoluna qoyulub, qəsəbənin küçələrindəki məişət tullantıları təmizlənib, əraziyə yeni zibil qutularının yerləşdirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət edilib:
“Bütün küçələr zibillik içində deyil. 5-6 yerdə çoxdan qalmış məişət tullantıları vardı. Onlar da artıq iki gün ərzində təmizlənib. Yeni zibil yeşiklərinin sifarişi ilə bağlı isə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Haçan o qutular gəlsə, əraziyə paylanacaq. Qəsəbənin küçələri dar olduğundan məişət tullantılarının daşınması bir qədər mürəkkəbdir. Böyük maşınlar ümumiyyətlə ora girə bilmir”.
Akif Əliyev qeyd edib ki, dar küçələrə daxil ola tullantı daşıyan avtomobillərin yerinə kiçik nəqliyyat vasitələri gətiriləcək:
“Bundan sonra da bütün küçələrdən zibillərin daşınması təmin olunacaq. Sakinlər daş karxanasının yeri olan böyük ərazini də zibilliyə çevirmişdilər. Oranı da təmizlətmişik. Günah bir az da sakinlərin özündədir. Yaxınlıqda zibil qutuları ola-ola, məişət tullantısını küçənin ortasına qoyub fotosunu çəkirlər”, - deyə o, gileylənib.
Məlumat üçün bildirək ki, Bakının qədim qəsəbələrindən olan Türkanda hazırda 12 mindən çox əhali yaşayır.
Alçina Amilqızı, Bizim.Media