Qusarda kritik VƏZİYYƏT: Böyrək xəstələrini tibb bacıları müayinə edir – TƏBİB isə hələ düşünür 

Hazırda oxunan: Qusarda kritik VƏZİYYƏT: Böyrək xəstələrini tibb bacıları müayinə edir – TƏBİB isə hələ düşünür 

74194

Şimal bölgəsində ciddi həkim böhranı yaşanır. Nəinki kəndlərdə, hətta rayon mərkəzi xəstəxanalarında da müxtəlif ixtisaslar üzrə həkimlərə tələbat kəskindir. Amma həkim yoxdur... 

Biz bu barədə bir neçə dəfə yazmışıq. Problem öz aktuallığını saxladığı üçün mövzuya təkrar qayıdırıq.

Zamanında hətta kənd həkiminin də nüfuzu var idisə, artıq o kadrlar da tükənib. Vəziyyət kritik həddə çatıb. Rayonun mərkəzi xəstəxanalarına müraciət edən insanlar normal müalicə olunmaq üçün ixtisaslı həkim tapmırlar. 

Qusar rayon Mərkəzi Xəstəxanasının timsalında söylədiklərimə bir-iki nümunə göstərəcəyəm. Bir neçə ildir ki, Qusar rayon Mərkəzi Xəstəxanasında hemodializ şöbəsi fəaliyyət göstərir. Təzə fəaliyyətə başlayanda barəsində çox geniş yazı da vermişdim. Çox təəssüf ki, dövlətin hər cür avadanlıqla təmin etdiyi şöbədə nefroloq-uroloq çatışmır. Böyrək xəstəliyindən əziyyət çəkən insanları bu şöbədə tibb bacıları müayinə edir. Ona görə də xəstələr məcbur olub paytaxta üz tuturlar.

Bu xəstə üçün həm əlavə xərc, vaxt itkisi yaradır, həm də vaxtında ilk yardım olmayanda fəsadlar artır, vəziyyəti ağırlaşır və bəzən həyatını itirir.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaz rayonunda həkim ÇATIŞMAZLIĞI - 26 həkim üçün vakansiya var


Qan xəstəliklərinin çox yayıldığı bir vaxtda Qusar rayon Mərkəzi Xəstəxanasında hematoloq da yoxdur. Özünü pis hiss edən rayon sakini məcburdur ki, yenə dərdinə çarəni başqa tibb müəssisəsində, özəl xəstəxanada axtarsın.

Qeyd edək ki, vəziyyət tək Qusarda belə deyil, bölgə xəstəxanalarının hamısında bu və digər ixtisaslar üzrə həkimlər xəstələr tərəfindən əli çıraqlı axtarılır. 

Şimal bölgəsi xəstəxanalarında həkim çatışmazlığı ilə bağlı statiskaya nəzər salaq:

Qusar – 40,

Quba – 95,

Xaçmaz – 26,

Şabran – 22,

Siyəzən -15,

Xızıda isə  21 ixtisaslı həkimə ehtiyac var.

Fikir verdinizsə, ən çox həkim çatışmazlığı bölgənin şah turizm rayonu sayılan, istirahət məkanlarını xarici turistlərin yerli turistlərdən yaxşı tanıdığı Quba-Qusar rayonlarındadır, yayda adam əlindən çimərliyində yer tapılmayan, Nabranı ilə məşhur Xaçmazda 26 həkim niyə çatışmasın? 

Bakının bir addımlığında yerləşən Xızıda 21 ixtisaslı həkimin çatışmaması da təəssüf doğurur. Bölgədə həkimlər niyə çatışmır? Səbəblər çoxdur. Həkimlər niyə rayon xəstəxanalarından qaçırlar, bura işə gəlməkdə maraqlı deyillər?

Araşdırma nəticəsində öyrəndik ki, İcbari Tibbi Sığortanın tətbiqi həkimlərin fərdi qazanmaq imkanlarını yoxa çıxarıb.

Üstəlik, Tibbi Sığortanın vəd etdiyi əlavə ödənişləri vaxtında ödəməməsi, bəzən heç ödəməməsi, bəzən ödənən pulun mənimsənilməsi, Tibbi Sığortanın vəd etdiyi dərmanların yerlərə çatmaması həkimlərin işdən getməsinə şərait yaradan əsas amillərdəndir. Bu, dərmanların xəstələrə çatdırılması ilə bağlı tək məqam da deyil.

Şəkər xəstələrinə dərman paylananda böyük növbələr yaranır. Qubada bu yaxınlarda şəkər xəstələri dərmanlarını alarkən elə bir basa-bas salmışdılar ki, hətta xəstəxananın şüşəsi də sınmışdı.

Bu və digər səbəblərə görədir ki, Tibb Universitetinin məzunları bölgələrdə işləməkdə maraqlı deyillər. Yeni kadrlar  rayonlara getmək istəmirlər.

Bölgələrdə səhiyyənin zəif olması, təcrübəli kadrların azlığı gəlmək istəyən gəncləri nəsə öyrənməkdən məhrum edir. Onlar yaxşı başa düşürlər ki, mövcud maaşla yerlərdə lazımi şərait qura bilməyəcəklər. Hesab edirlər ki, perspektivləri yoxdur, yerlərində sayacaqlar. Buna görə gənc tibbi kadrlar paytaxtda, xüsusən özəl xəstəxanalarda işləməyə üstünlük verirlər. 

Beləliklə, bölgənin həkim çatışmazlığı problemini imkanımız qədər təhlil etdik. Bizim qeyd etmədiyimiz digər səbəblər də var təbii ki. Vəziyyət getdikcə daha da pisləşir. 

Görünən odur ki, səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var. Səhiyyə Nazirliyinin və TƏBİB-in təklifləri əsasında ayrıca Tibbi Proqramı hazırlamalıdır. Təhsil Nazirliyinin proqramı çərçivəsində ucqar kəndlərdə işləməyə gələn məzunlara bir sıra güzəştlər edilir. Hazırda Quba-Qusarın dağ yerlərində ömründə kənd görməyən gənc müəllimlər böyük həvəslə müxtəlif fənləri tədris edirlər. Olmazmı ki, belə bir proqram Səhiyyə Nazirliyinin xəttilə də təşkil edilsin.

Rayon xəstəxanalarının birbaşa tabe olduğu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və nəzdindəki TƏBİB bu barədə görəsən, nə düşünür?


Heç bir şərh vermədən TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinə fevralın 17-dən göndərdiyimiz 4 suala (hansı ki, problemləri qeyd etmişdik) TƏBİB-in mətbuat rəsmisi Zamirə Adilovadan ötən gün aldığımız cavabı olduğu kimi təqdim edirik:

“Regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə mükafatların verilməsi nəzərdə tutulub. Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir”.

Sual isə birdir: Bəs nə vaxt, axı nə vaxt? İnsanlar əziyyət çəkir axı.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin