“Azərbaycanda yüz faiz şəffaf işləyən dövlət qurumları da var” - Razi Nurullayev 

Hazırda oxunan: “Azərbaycanda yüz faiz şəffaf işləyən dövlət qurumları da var” - Razi Nurullayev 

74180

“Keçən dəfə pilot tikinti layihələri ilə bağlı burada ümumi və konkret fakt göstərmədən çıxış etdim, sahibkarların incidilməsini dedim və Parlamentdən kənarda media və televiziyalarda konkret faktları və ünvanları göstərdim.   

Sahibkarlara, iqtisadiyyata, ölkənin inkişafına ümumi tənqidi yanaşmanın doğru olmadığını dərk edirəm.

Məsələlər konkret, ünvanlı olmalıdır və bundan sonra belə də olacaq. Ümid edirəm ki, pilot layihələrlə, ümumilikdə tikintilərlə bağlı məsələ ciddi şəkildə aidiyyatı qurumlar tərəfindən müzakirə ediləcək və məsələlər konkret olaraq həll ediləcək. Başqa yolumuz da yoxdur, çünki, sürətlə iş yerləri yaratmalıyıq və bunun üçün cənab Prezident tərəfindən bütün imkanlar yaradılır. Sadəcə, onlar dürüst şəkildə yerinə yetirilməlidir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev 


Deputat kütləvi iş yerlərinin yaradılmasını isə bu sahələrdə gördüyünü açıqlayıb:  

“Azərbaycanda potensial iş yeri yaradan sahələr tikinti, xidmət sahəsi, turizm, kənd təsərrüfatı və informasiya texnologiyalarıdır. Amma problemlərin birdəfəlik və kökündən həlli, imkan pəncərələrinin açılması, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb, yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır. Bunun üçün gərək rəsmi və qeyri-rəsmi qadağalar aradan götürülsün. Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur? Onlarla var, amma gizlənirlər, çünki, qorxurlar. Biz bu yolu açmalıyıq, ancaq və ancaq ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır, onsuz xaricdə də pul saxlamaq artıq təhlükəlidir, ya bir gün tutub əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar”.   

Millət vəkili əlavə edib ki, heç zaman ölkədə hər şeyin bərbad olduğunu demək fikrində olmayıb:  
 

“Xeyli, az qala yüz faiz şəffaf işləyən dövlət qurumları da var. İş adamlarından aldığım məlumat deməyə əsas verir ki, qanunu bilən və vergini şəffaf ödəmək, vicdanlı iş adamı olmaq istəyənlər üçün Vergi xidməti ən ciddi şəfaflıq nümayiş etdirən xidmətlərdən biridir. Elə iş adamları, müəssisələr var ki, vergi məmurunun simasını 3-4 il əvvəl görüb.


Mən bunu alqışlayıram. Yaxşıların da, problemlərin də konkret deyilməsi vacibliyini bilirəm. Keçən dəfə pilot tikinti barədə danışdım və artıq aldığım məlumatlara görə bir neçə sahibkarın problemləri həll olunmağa doğru gedir, bu məni sevindirir. Elə buradan bütün iş adamlarına müraciət edirəm ki, konkret problemləri və narahatlıqları ilə bağlı müraciət etsinlər. Əmin olun ki, ölkəmizdə problemlərin həlli üçün də ciddi imkan pəncərələri yaradılıb, sadəcə onları düzgün seçib müraciət etmək gərəkdir”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin