Qusarın Həzrə kəndində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun büstünün açılışı olub.
Şəhidin adını daşıyan və vaxtilə oxuduğu Həzrə kənd məktəbinin qarşısında qoyulan büst qusarlı iş adamı Abubəkr Musayevin dəstəyi və köməkliyi ilə hazırlanıb.
Tədbirdə Respublika Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rəsmiləri, şəhidin atası Salman Qurbanov, həmkəndliləri, Qusar İH-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin, Xudat Sərhəd dəstəsinin, Qusar polis şöbəsinin əməkdaşları, YAP-ın rayon təşkilatının sədri, müəllim və şagirdlər iştirak ediblər.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Qarabağ Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycan xalqının Qarabağ savaşında göstərdiyi birlik və əzmkarlıqdan söz açıb:
"Vətən Müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin xalqla birliyini, ordumuzla birgə gücünü bütün dünya gördü, o cümlədən ermənilər də. Onların itkisi bizim itkilərimizdən iki dəfə çox oldu. Vətən savaşı başlayanda Ermənistanın 10 min fərarisi, cəbhədən yayınanı oldu".
M.Mehdiyev Bizim.Media-ya müsahibəsində Çingiz Qurbanovun hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlığından danışıb:
“Döyüş bölgəsindən 400 km-dən çox uzaq məsafədə doğulan gəncin şücaətini gördük. O öz canını sevdiyi torpaq uğrunda fəda etdi".
Birlik sədri qusarlıların cəbhədəki vətənpərvərliyini yüksək dəyərləndirib.
Gənc iş adamı A.Musayev Qusarın və bütün Azərbaycanın fəxri olan Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun büstünün kənd məktəbinin qarşısında ucaldılmasını özünün vətəndaşlıq borcu olduğunu deyib: "Onun igidliyinin qarşısında mən nə etmişəm ki?”
Şəhidin atası S.Qurbanov arzusunu reallaşdıran iş adamına və büstün hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib:
"Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Dövlət başçısı şəhid ailələrinə diqqət yetirir, qayğısını əsirgəmir. Çingizin oxuduğu məktəbə adı verilmişdi. Büstünün də olmasını arzu edirdim. Bu da reallaşdı. Abubəkr Musayev və məktəb kollektivi sağ olsun, arzumu həyata keçirdilər".
YAP-ın Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar İH-nin şöbə müdiri Turab Allahverdiyev, Qarabağ Əllilləri, Veteranları və Şəhid Ailələri İctimsi Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov çıxışlarında Vətən savaşında qusarlı gənclərin igidliyindən, Ali Baş Komandanın çağırışına həmişə böyük həvəslə qoşulmalarından və Ç.Qurbanovun qəhrəmanlığından söz açıblar.
C.Hörmətov Qarabağ münaqişəsində Qusarın106 şəhid verdiyini diqqətə çatdırıb. Həzrəli məktəblilər vətənpərvərliyi təbliğ edən şeirlər səsləndiriblər.
Qeyd edək ki, 1994-cü ildə Həzrə kəndində anadan olmuş Ç.Qurbanov Azərbaycan Texniki Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində qulluq edən əsgər Ç.Qurbanov 2016-cı il dekabr ayının 29-da təmas xəttində erməni təxribatının qarşısını alarkən xüsusi igidlik göstərərək şəhid olub. Onun nəşi təxminən 40 günə yaxın neytral zonada qalıb.
2016-cı il fevral ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyi nəticəsində Ç.Qurbanovun nəşi geri alınıb. İgid əsgər fevralın 6-da Qusar Şəhidlər Xiyabanında dəfn olunub.
Ruhu şad olsun!
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:15 / 11.05.2022
Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun BÜSTÜ AÇILDI - FOTO/VİDEO
Hazırda oxunan: Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun BÜSTÜ AÇILDI - FOTO/VİDEO
Hazırda oxunan: Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun BÜSTÜ AÇILDI - FOTO/VİDEO
73822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.