Bizim.Media “ArmenianReport” saytına istinadən məlumat verir ki, Şurnuxu kəndinin işğaldan azad olunmasından sonra Ermənistanın işğal altındakı Kərki kəndinin də Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Erməni icma rəhbəri: “Tiqranaşen Azərbaycana verilməməlidir”
Bu barədə erməni politoloq Hrant Melik-Şahnazaryan öz açıqlamasında məlumat verib. O, Şurnuxu kəndindən sonra Paşinyan Ararat bölgəsinin Tiqranaşen kəndini də düşmənə təslim edəcəyi ilə bağlı açıqlama verib. Tiqranaşen kəndi Ermənistan tərəfindən işğal olunmuş Sədərək rayonunun Kərki kəndidir.
Şahnazaryan açıqlamasında: “Sizə deyəcəyəm: bilin ki, Şurnuxudan sonra Ararat bölgəsinin Tigranaşen (Kərki) kəndini düşmənə təslim edəcəklər. Sadəcə, bunu necə öyrəndiyimi soruşmayın”, - deyə əlavə edib.
O, bu qənatə gəlmək üçün sadəcə internetdə qısaca axtarış etməyə ehtiyac olduğunu bildirib. Bir ay əvvəl FTX-nin internetdə yayılmış hesabatında Priyur-Sevak və Yeraks kəndləri yaxınlığında da müşahidə məntəqələrinin qurulacağından bəhs olunduğunu qeyd edən Şahnazaryan erməniləri hərəkətə keçməyə səsləyib.
Bu iki kənd Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəd kəndələridir və işğal altındakı Kərki kəndinin yaxınlığında yerləşir. Şahnazaryanın fikrincə, burada rusların müşahidə məntəqəsi qurmaq planları yalnız bir şeydən xəbər verə bilər: Kərki kəndi Azərbaycana qaytarılacaq.
Xatırladaq ki, Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun tərkibdə inzibati ərazi vahididir. Sovet İttifaqı dövründə anklav kənd olan Kərki 1990-cı ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Kənd Muxtar Respublikanın işğal altındakı yeganə kənddir.
Rəvan Əliyev, Bizim.Media