Faşizm üzərində qələbənin 102 yaşlı qəhrəmanı Əmrah kişi: “Vuruşa-vuruşa haralara getməmişəm ki?” - VİDEO

Hazırda oxunan: Faşizm üzərində qələbənin 102 yaşlı qəhrəmanı Əmrah kişi: “Vuruşa-vuruşa haralara getməmişəm ki?” - VİDEO

73386

“Mən müharibəyə nifrət edirəm. İstəmirəm müharibə olsun, qan tökülsün. Müharibə gəncliyimizi məhv edir və gəncliyimizə zərbə vurur. Beş il yarım müharibədə olmuşam, görmüşəm ki, müharibə necə dəhşətli və ağırdır”.

Bu sözləri Bizim.Media-ya Böyük Vətən Müharibəsi veteranı, Siyəzənin Böyük Həmyə kəndinin 102 yaşlı sakini Əmrah Məmmədov deyib.

Faşist Almaniyası üzərində tarixi qələbənin 77-ci il dönümündə həmin dəhşətli müharibəni görmüş və hələ də yaşayan Siyəzən rayonunun iki müharibə veteranından biri olan Əmrah Məmmədov çox söhbətcil insandır.
Yaşı bir əsri adlasa da hafizəsi çox yaxşıdır. Deyir ki, Böyük Vətən Müharibəsi başlayanda 20 yaşım vardı və başlayan kimi də cəbhəyə yollanmışam:

“Tank briqadasında avtomatçı  olmuşam. Vuruşa-vuruşa haralara getməmişəm ki? Ukraynaya, Ukraynadan da Polşa və Macarıstana qədər getmişəm. Əvvəl ruslarla, sonra da ukraynalılara birgə almanlara qarşı döyüşmüşük”.

Əmrah Məmmədov qeyd edir ki, Ukraynada onu 2-ci Dünya müharibəsindəki xidmətlərinə görə çox yaxşı tanıyırlar:

“Ukrayna Prezidenti hər il 9 may-Qələbə günündə mənə yubiley medalı göndərirdi. Lakin bu il isə göndərilməyib. Yəqin ki, başları müharibəyə qarışıb. Arzu edirəm ki, ruslarla ukraynalıların müharibəsi tez bitsin. Dünyaya sülh gərəkdir,qan tökülməsinə son qoyulmalıdır”. 

Müharibədən sonra Gəncədə ali təhsil alan Əmrah kişi Siyəzəndə bir sıra vəzifələrdə işləyib və kənd təsərrüfatının inkişafına öz töhfəsini verib.
O, hazırda həm müharibə, həm də əmək veteranı kimi ömrünün 102-ci baharını yaşayır. Həyat yoldaşını və 6 övladından ikisini itirən veteran Allaha qarşı naşükür deyil.  

Hazırda 34 nəvəsi, 55 nəticəsi və 3 kötükcəsi olan Əmrah Məmmədov həmçinin Qarabağın erməni tapdağından azad olunmasını gördüyünə görə çox sevinir. Şəhidlərimizi hörmətlə anır, hərbçilərimizə və Ali Baş Komandanımıza isə cansağlığı arzulayır. 

Bütün söhbəti boyu yalnız sülh istədiyini deyən 102 yaşlı veteranın bu arzusuna biz də qoşuluruq. 

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin