"Mən Şuşada əvvəllər heç olmamışdım, ilk dəfə gördüm. Şuşanı ağır xəstəlikdən dönən insana bənzətdim. Şuşa indi müalicə olunur. Onun müalicə həkimi isə bizim Prezidentimiz İlham Əliyevdir".
Bu sözləri Şuşada keçirilən 1-ci Kulinariya Festivalında iştirak edən Quba sakini, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov Bizim.Media-ya deyib.
Onun sözlərinə görə, “görməsəniz, inanmazsınız, mənfur qonşularımızın ağlar günə qoyduğu Şuşada çox böyük işlər gedir, yurdumuz texnikaĺarla doludur”.
İldırım Məmmədov Qubada festivaldan çox yüksək təəssüratla qayıdıb.
Danışır ki, yolboyu Zəfər yolu ilə gedəndə sıldırım qayalıq və meşə massivi ilə Şuşaya qalxıb canını fəda edən şəhidlərimizə min rəhmət dilədim, hərbçilərimizə və Ali Baş Komandanımıza ürəkdən təşəkkür etdim:
“Bu dəqiqə Şuşada xarüqələr yaradılır, qürurverici anlar yaşadım Şuşada bir daha”.
Quba sakini Kulinariya festivalında maraqlı anlar yaşayıb: "Türk aşpaza yaxınlaşdım, yemək sifariş verdim. Pulunu götürmədi, dedi pulsuzdur. Dedim axı boğazımdan keçməz, nuş olmaz mənə. Dedi, əfəndim, nuş olsun. Festivalın bütün xərcləri dövlətin hesabınadır. Və onda yadıma düşdü ki, 1 ci Kulinariya Festivalı Heydər Əliyev Fondunun dəstəyilə ərsəyə gəlib”.
İldırım Məmmədov Zəfər yolunun yanından Şuşaya 2-ci möhtəşəm yol çəkildiyinin də şahidi olub.
Deyir ki, Şuşaya gedib gələndən sonra qalib ölkə Azərbaycanın vətəndaşı olduğuma görə bir daha fəxr etdim.
Aytəkin Alxaslı, Bizim.Media