Son zamanlarda azyaşlı və yeniyetmələr ilə bağlı intihar halları artıb. Xüsusən, imtahan ərəfəsində artan bu rəqəmlərin kökündə hansı səbəblər yatır? Günahı kimdə axtarmalıyıq?
Təhsil eksperti Adil Vəliyev Bizim.Media-ya məsələni şərh edib:
“Son zamanlar, təəssüf ki, gənclərin intihar xəbərləri tez-tez qarşımıza çıxır. İntihar xəbərlərini araşdıranda məlum olur ki, burada ən çox ailədaxili münaqişə, qorxu və hədə bu cür xoşagəlməz hallara səbəbiyyət verir. Gənclərin intihara meyl etməsi adətən imtahan zamanı baş verir. Bu istər buraxılış imtahanı, istərsə də smestr sonu imtahanı zamanı ola bilər”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda intihar etmiş 8 yaşlı şagirdə gələn QORXUNC MESAJ: “Bu axşam səni öldürəcəyəm”
Adil Vəliyev azyaşlı intiharlarının əsas səbəbini valideynlərdə görür:
“Azyaşlı intiharlarının əsas səbəbi də valideynlərin imtahanları gözündə böyütmələridir. Uşağı “atanın ürəyi tutar, anan şəkər xəstəliyi tapar” kimi ifadələrlə az bal toplamaması üçün hədələyirlər. Bu səbəbdən, tələbələr imtahana girəndə maksimum həyəcanlı olur və istədikləri nəticəni əldə edə bilmirlər.
Valideyn düşünməlidir ki, basqı etməyə davam etsə, övladı intihara əl ata bilər və bir ömür boyu bunun məsuliyyətindən, əzabından qurtara bilməz. Günah da valideynin boynuna qalır. Həmişə övladının yanında olan valideynin isə özü də uğurlu olur, övladı da”.
Təhsil eksperti hesab edir ki, burada təkcə günahkar valideyn yox, həmçinin müəllimlər, məktəb, hətta məktəb və universitet rəhbərliyi ola bilər:
“Oxu, oxu!” deməklə problem həll olunmur. Müəllim, şagird və valideyn arasında üçlü körpü olmalıdır və valideyn mütəmadiyən müəllimlə əlaqə saxlamalıdır. Əgər təhsil müəssisəsi varsa, bütün məsuliyyət müəllimin üzərinə düşür, buna görə müəllim dərs zamanı həm təhsil, həm də şəxsi keyfiyyət barəsində hər şeyi valideynə məlumat verilməlidir”.
Mia Quliyeva, Bizim.Media