“Siz efirə kimi buraxırsınız?” - Məşhur teleaparıcı Ceyhun Əli ilə MÜSAHİBƏ 

Hazırda oxunan: “Siz efirə kimi buraxırsınız?” - Məşhur teleaparıcı Ceyhun Əli ilə MÜSAHİBƏ 

73120

Onu teleməkanda öz səlist nitqi və səliqəli davranışalrı ilə səciyyələndirirlər. Bir neçə istiqamətdə özünü sınasa da efir onunçün dəyişilməz platformadır. Bugünkü müsahibəmiz tanınmış telejurnalist, efir adamı Ceyhun Əli ilə sənətdən, həyatdan və münasibətlərdən danışmağa çalışdıq:  

- “Ceyhun Əli” imzası sizi sevənlərə yaxşı tanışdır. Burada əsasən peşəniz və sənətiniz rol oyanayır. Aparıcı kimi fəaliyyət göstərmək uşaqlıq arzunuz olub, yoxsa sonradan yaranıb?


- Aparıcı olaraq formalaşmağımda müəllimlərimdən öncə valideynlərimin rolu olub. Uşaq ikən nənəm mənə çoxlu qaravəllilər və yanıltmaclar öyrədərdi və sonradan ona danışmağımı istəyərdi. Uşaqların nitq hazırlığının bünövrəsində nağıl oxumaq dayanır. Nitqə sevgini formalaşdıran mətn növü kimi nağılların əhəmiyyəti böyükdür. Elə bu nağıllarla başlayan ünsiyyət forması, ailəmin məndə oyatdığı bu həvəs o zaman təsəvvür belə etmədiyim qədər peşəkar səhnələrə gətirib çıxardı.

- Yəni televiziyadan əvvəl səhnə olub?

- Bəli, səhnə, sonra ekran. Hazırda hər iki istiqamətdə çalışıram.

- Zamanla həvəsinizdə dəyişiklik olub?

- Öz işimi sevirəm. Bu baxımdan yorğunluğu hiss etmirəm. Peşəmə ciddi yanaşıram. Heç zaman öz arzularımdan əl çəkməmişəm, əksinə özümdə işimə xüsusi maraq yaratmışam. Dərəcəsini ölçməmişəm, amma hər gün istəyin daha çox artdığını hiss edirəm. Hətta yeniyetmə ikən ilk dəfə səhnəyə çıxanda geyindiyim kostyumu saxlamışam. (gülür)

- İlk dəfə səhnəyə çıxdığınız tarix yadınızdadır? Bizim üçün o anları təsvir edə bilərsiniz?

- 1997-ci ildə görkəmli sənətkarımız, Xalq Artisti Əminə Dilbazinin yubiley gecəsi idi. İlk dəfə peşəkar səhnə ilə 13 yaşında tanış olmuşam.

İlkin əmək fəaliyyətimə isə təcrübəçi-diktor kimi başlamışam. Demək olar ki, o zaman telekanalların hər birində təcrübə keçmişəm. Sizin üçün indi təəccüblü səslənir, amma etiraf edim ki, o zaman bütün telekanallar mənə bir cavab verirdi: “Səndə alınmayacaq”. Bu təxminən 2002-ci ilə kimi davam etdi.


- Bu sizi həvəsdən salıb başqa peşəyə yönləndirmədi?

- Bu xarakterlə bağlı olan məqamdır. Uşaqlıq dövründən “yox” sözünə münasibətim formalaşıb. Kimsə mənə “bu mümkün deyil” söyləyirsə, mən də qarşılıqlı sual ünvanlayıram. “Niyə?” (gülür). Nə istədiyimi dəqiq bilirəm və nəyə əl atıramsa, bunu əzmkarlıqla edirəm.

- Ceyhun Əliyə bu qədər çətinlikdən sonra efirdə uğurlu olmağa nə kömək etdi? Tamaşaçı ilə qurduğu səmimiyyət, yoxsa?

- Ən sadə tamaşaçı belə istənilən peşəkar aparıcıdan qat-qat ağıllıdır. Çünki tamaşaçı əvvəl qəlbi ilə qavrayır. Səmimiyyət bu günün televiziyasında ən böyük suallardan biridir. Sual budur: Özün ilə nə dərəcədə səmimisən? Bu mövzuda öz ustadım Rafiq Hüseynli ilə söhbət edəndə hər dəfə deyərdi ki, aparıcının gözünə baxmaq kifayətdir ki, onun kim olduğunu anlayasan. Yəni o, nə dərəcədə səmimi və həqiqidir. İnsana baxanda onun niyyəti hiss olunur. Xüsusilə, o insan hər gün sizinlə ünsiyyətdədirsə.

- Dövrünün və dövrümüzün ən məşhur siması olan Rafiq Hüseynlinin adını çəkdiniz. Onunla tanışlığınız necə başladı?

- 18 yaşımda tələbələrin tədris-təcrübə qəzetində çalışırdım. Onda bu sənəti seçəcəyimi dəqiqləşdirmişdim. Rafiq müəllim bizim evdəki tamaşaçılara dogma idi. Onunla müsahibə etmək istədiyimi bildirəndə təklifimi qəbul etdi və biz görüşdük. Həmin gündən Rafiq müəllim dünyasını dəyişənə qədər dostluğumuz davam etdi. Vaxtaşırı görüşürdük və fikirlərimizi bölüşürdük. Onunla gündəlik ünsiyyət özü bir məktəb idi. Tələbəsi olmaq üçün Rafiq Hüseynlidən dərs almaq lazım deyildi. Sadəcə, onu diqqətlə dinləmək kifayət edirdi.

Aparıcıların ana dilini dərindən bilməməsi onu həmişə narahat edirdi. Efirdə qüsurlu çıxış gördüyü zaman sanki Rafiq Hüseynlini incidirdilər. Çox təəssüf ki, bu gün efirdə ana dili problemi hələ də qalır.
- Sizcə bu nədən qaynaqlanır? Qeyri-peşəkar kadrların vaxtından əvvəl efirə buraxılmasından?

- Bir aparıcının formalaşması üçün ən azı 5 il lazım olur. Növbəti 5 ildə isə bir növ “oturuşma” prosesi gedir. Aparıcı və ya teleaparıcı ixtisası ölkəmizdə tədris olunmur. Amma bu peşənin məktəbi var və sən həyatın boyu bu təhsili alırsan. Yəni dayanmadan öyrənir, təkmilləşirsən. Televiziya özünü təqdimat baxımından böyük platformadır. Televiziya mütəxəssisinin hansı dərəcədə formalaşması ilk növbədə onun özündən asılıdır.

- Mövzu açılmışkən bir məqama da toxunmaq yerinə düşərdi. Tanışlıq, dostluq amilləri ilə efirlərə çıxan qeyri-peşəkarlara münasibətiniz necədir?

- Həmin aparıcılara efir imkanı tanıdanlara bu sualı ünvanlamaq lazımdır ki, siz efirə kimi buraxırsınız? Problemin kökü var. Ucuz işçi qüvvəsi və ya potensialı güclü olmayanları efirə gətirməklə tamaşaçının zövqünə həqarət etmək olmaz. Yəni tamaşaçının zövqü ilə oynamaq qəbuledilməzdir və etik deyil. Əgər keyifyyətsiz televiziya məhsulu və ya zəif mütəxəssislə ekrana gəliriksə, biz buna görə cavab verəcəyik.

- Tənqidə münasibətiniz necədir? Adətən özünü səhnədə təsdiqləyən insanlar tənqid edilməyi heç zaman sevmirlər.

- Ətrafımda tənqidçilər var və bu məni müəyyən mənada məmnun edir. Qərəzsiz tənqidə tuş gəlmək inkişaf imkanıdır. Bəzən təfərrüata varmadan insanların qınandığının şahidi oluruq. Sosial şəbəkələrdə bununla daha qabarıq qarşılaşırıq. Hətta bu “linç” dərəcəsində olur. Peşəkar tənqidin kökündə isə insana və insanlığa sevgi dayanır. Məsələn, Rafiq Hüseynli bizi - öz tələbələrini elə tənqid edirdi ki, öz peşəmizə sevgimiz artırdı. Düşünürəm ki, tənqid edən yüksək və güclü daxili keyfiyyətlərə malik insandırsa, o, maksimum obyektiv olmağa çalışacaq.

- Efir, yoxsa səhnə? Hansı daha çox doğmadır sizə?

- Müqayisə etməzdim. Efirdə əldə etdiklərimi səhnədə müxtəlif tədbirlərdə təqdim etmək imkanım olur, səhnədə yaranan enerjini isə efirə gətirə bilirsən. Hər ikisi doğmadır.

- Müsahibə zamanı səmimiliyinizi hiss etsəm də, sizin özünüzdən razı biri olmağınız barədə də təsəvvürlər var. Belədirmi?

- Bəs daha çoxsözlülüyə yer verən, aşırı emosionallıq, ziyadə gülüş göstərən, olmadığı kimi görünməyə çalışanlar haqqında nə deyirlər? (gülür)

- Doğrudur, razıyam.


- Həyatımı balanslı yaşamağa və özümlə ədalətli davranmağa çalışıram.  Aparıcısı olduğum proqramlar və tədbirlər əyləncə formatında deyil. Bu ictimai-siyasi proqramlar, dövlət tədbirləri, biznes forumlar və konfranslar, mədəniyyət tədbirləri, qala gecələrdir. Tamaşaçı ilə ünsiyyətdə şəxsi keyfiyyətlərimi tam ortaya qoymaq üçün imkan var. Amma bu “yalnız mən” anlayışını ehtiva etmir. Zamanım olduğu halda tamaşaçılarla canlı ünsiyyət də qurmağa çalışıram. Bu müxtəlif görüşlər, tələbələrlə mühazirə şəklində olur. Tamaşaçıların fikri mənim üçün önəmlidir.

- Bəs sənətinizdən gələn gəlirlər necə, sizi qane edir?

- Zəhmət çəkən insanın ruzisi tükənməz. Mən əminəm ki, insanlar  sevdiyi işlə məşğul olsa, hobbilərindən zövq almağa çalışsa, gəlirləri ilə bağlı sistem qura bilər. Razıyam, asan deyil. Amma mümkündür. Peşəmin biznes tərəfi və əməyin monetləşdirilməsi prosesində maliyyə mühəndisləri olan dostlarım tövsiyələrini əsirgəmir.

- Bəlkə hələ də subay olduğunuz üçün maddiyyət barədə bu qədər rahat danışırsınız?

- Bəlkə də...(gülür) Sualınızda iki məqam var. Biri mənim gəlirlərimlə bağlıdır və mən ümid edirəm ki, bu günkü gəlirlərim ailə və övlad sahibi olanda da mənə kifayət edəcək. Digər  məqam isə mənim şəxsi həyatımla bağlıdır ki, bu sualınıza da cavab verməyə çalışacağam. Şəxsi həyat o qədər intim və məhrəmdir ki, insan bunu asan bölüşə bilmir və fikrimcə bölüşməməlidir də. Fəaliyyətin cəmiyyət üçün açıq və insanlarla ünsiyyətlə bağlıdırsa təbii ki, şəxsi həyatın da diqqət mərkəzində olur. Təəssüf ki, biz şəxsi həyata və ailə qurmağa olan diqqəti kult səviyyəsinə qaldırmışıq. (gülür)

Son dövrdə boşanmaların sayının artması məni çox incidir. Xüsusilə də əgər ailədə uşaq varsa. Mənim uşaqlardan başqa demək olar ki, zəif nöqtəm yoxdur. Onların həyatının hansısa məqsədlər üçün və ya anlaşmazlıqlar üçün haçalanmasını, bir növ parçalanmasını istəmərəm. Bu incidir.

- Ailədən danışmışkən, həyatınızda sevib-seçdiyiniz xanım var? Yoxsa subaylıq sultanlıqdır?

- Mən şəxsi həyatımı qapalı saxlamağı sevirəm. Bəli.

- Sizinlə müsahibə etmək olduqca maraqlı və xoş oldu. Təklifimizi qəbul etdiyiniz və bizə zaman ayırdığınız üçün təşəkkür edirik.

- Mən də sizə, Bizim.Media kollektivinə və rəhbərliyinizə təşəbbüsünüz üçün minnətdarlığımı bildirirəm.

Leyla Şah, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin