Əksər valideynlər uşaqlarda musiqi duyumunun yaranması və inkişaf etməsi üçün onları musiqi məktəblərinə göndərirlər. Bu həmçinin uşaqların səviyyəli, zövqlü musiqilərə maraq göstərməsinə də çox böyük təsir göstərir. Lakin narahatlıq yaradan bir məqam keçirilən dərsliklərdə daha çox klassik, xarici bəstələrin öyrədilməsi ilə bağlıdır. Nəticədə musiqi məktəbini bitirənlər sonda müxtəlif çalğı alətlərində milli musiqiləri ifa etməkdə çətinlik çəkirlər.
Tanınmış bəstəkar Elçin İmanov Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Bəs biz hansı dildə təhsil alaq? – Ana dilində təhsildəki PROBLEMLƏR
Onun sözlərinə görə, milli musiqidə ifa etməsi şagirdin özündən asılıdır:
“Mən sizə öz təcrübəmdən nümunə gətirmək istəyirəm. Mən də musiqi məktəbinə Sovetlər birliyi vaxtında gedəndə daha çox xarici musiqilər öyrədilirdi, amma klassik musiqilərlə yanaşı muğamlardan da ifa etməyimə, ona maraq göstərməyimə heç kim mane olmurdu. Mənim anam da solfeciodan dərs deyib, buna görə Avropa musiqini daha yaxşı bilirdim. Bizim vaxtımızda “Araz” radiostansiyasında muğam saatı var idi ona qulaq asırdım, çünki mənə maraqlı idi. Bunlarla yanaşı həm Fikrət Əmirov, Qara Qarayevə həm də Çaykovskiyə qulaq asırdım”.
Bəstəkarın sözlərinə görə, musiqi məktəblərində olan dərslər proqrama uyğun şəkildə keçirilir:
“Bu mövzuda tələbənin, şagirdin özündən çox şey asılıdır. Mən inanmıram ki, 11 illik musiqi məktəblərindən biri olan 2 nömrəli musiqi məktəbində dərslər sadəcə klassik musiqilər üzərində keçirilsin. Çünki direktoru Akif Süleymanbəyli olan məktəbdə əminəm ki, milli ruhda dərslər keçirilir. Amma şagirdlərin bu dərsləri nə dərəcədə qavraması isə rəhbərlik və müəllimlərdən asılı deyil. Bu məsələ tək musiqi məktəbləri ilə də yekunlaşmır.
Uşağın böyüdüyü evdə səhərdən-axşamacan meyxana səslənirsə, təbii ki, ondan muğama, milli musiqilərə meyil etməyini gözləyə bilmərik.. Uşaq niyə milli musiqi ifa edə bilmir sualını məncə birinci özümüzə verməliyik”, - deyə E.İmanov bildirib.
Şübhəsiz biz hörmətli bəstəkaramızın fikri ilə qismən razıyıq. Amma dərsliyi sovetdən qalma metodlarla davam etdirmək nə qədər düzgündür? Dünya praktikasında bu öz əksini necə tapır? Hər halda fortopianodan dərs alan azərbaycanlı övladı milli musiqi ifa etmək üçün musiqi məktəblərində dərs yükü kimi bir tədrisdən keçməlidir. Mövzunu davam etdirəcəyik.
Səkinə Yusibli, Bizim.Media