İşğal altında dağıdılan qəbiristanlıqlar necə bərpa ediləcək? - RƏSMİ CAVAB

Hazırda oxunan: İşğal altında dağıdılan qəbiristanlıqlar necə bərpa ediləcək? - RƏSMİ CAVAB

72699

Vətən müharibəsi zamanı Ermənistan ordusunun Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində rayonun müxtəlif ərazilərində yerləşən 236 məzar daşı dağılıb. Dəymiş ziyan müvafiq komissiya tərəfindən qeydiyyata alınaraq bərpa edilib. 

Bəs illərdir işğal altında olub, dağıntıya məruz qalan qəbiristanlıqların bərpasının hansı qaydada aparılması nəzərdə tutulur? 

Millət vəkili Aqil Abbas məsələ ilə bağlı Bizim.Media-nın Qarabağ bürosuna açıqlamasında daşların fərdi qaydada bərpa ediləcəyini ehtimal edib: 

“Türkiyədə bütün məzar daşları standartdır. Orada hər hansı bir büst və ya fərqli məzar daşı qoymaq üçün mütləq qardaş ölkənin daxili işlər nazirliyindən icazə almalısan. Onlar icazə verməsə, məsələni həll etmək qeyri-mümkündür. Biz orada Kərbəlayi İsmayılın büstünü qoyanda, bunun icazə məsələsini dövlətlərarası danışıqdan sonra əldə etdik.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda kütləvi məzarlıqlar aşkarlanıb – XİN müavini Elnur Məmmədov


Ancaq Azərbaycanda belə deyil. Bu mental məsələdir... Məsələn, Ağdamın Qarağacı qəbiristanlığında on min civarında qəbir var idi. Oranı tamamı ilə dağıdıblar. Mən orada bir abidə kompleksinin tikilməsini məqsədə uyğun görürəm. Ondan sonra da kim öz əzizlərinin qəbirlərini tapsa, gedib bərpa etsin”.

Həmçinin, Millət vəkili yenidən bərpa ediləcək məzarlar üçün müvafiq standartların seçilməsi məsələsinə də öz münasibətini bildirib: 

“Bir daha deyirəm ki, belə məsələlər bizim mentalitetdə yoxdur. Güman edirəm ki, kimsə Dövlətə müraciət edəsi deyil ki, “gəl mənim atamın qəbrini düzəlt”. Yaxud da Dövlət kiməsə deməz ki, “sən öz əzizlərinin qəbrini bu cür bərpa et”.

Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin Beyləqan, Füzuli və Ağcabədi rayonları üzrə qazısı Mirsəccad İmranov məzar daşları formalarının bir xalqın adət-ənənəsindən və onun tarixindən xəbər verdiyini diqqətə çatdırır: 
 

“Daşların müxtəlif bölgələrə uyğun olaraq dəyişməsi, təbii ki, həmin bölgənin ənənəsindən xəbər verir. Əlbəttə ki, bu bizim mentalitetimizdir. Hər kəs əzizlərinə istədiyi formada daşlar qoydurur.


Ancaq işğaldan azad edilmiş ərazilərdəki dağıdılmış qəbiristanlıqların bərpası zamanı standartların müəyyən edilməsi məqsədə uyğundur. Belə hesab edirəm ki, hər hansı mental və dini dəyərlərimizə uyğun standartın yaradılması gələcəyə də siraət edəcək. Səhv etmirəmsə, əvvəllər qəbir daşlarının standartlaşması məsələsi milli məclisdə də müzakirə edilmişdi. Ümid edirəm ki, gələcəkdə də bu mövzu müzakirə ediləcək”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi bildirib.

Elgün Gəncimsoy

Bizim.Media-nın Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin