Yeni baş rejissor Ləzgi Teatrından niyə narazıdır? – İcra başçısından GÖRÜŞ İSTƏYİR

Hazırda oxunan: Yeni baş rejissor Ləzgi Teatrından niyə narazıdır? – İcra başçısından GÖRÜŞ İSTƏYİR

72440

Qusar Dövlət Ləzgi Teatrına yeni baş rejissor təyin edilib. Bu adam Əliyar Əliyevdir. Onun haqqında çox danışmaq olar. Amma özü belə söhbətlərə təhamül etmir. 

Biz isə ən azı oxucu haqqını nəzərə alıb onun haqında danışacağıq. Əliyar Əliyev uzun müddət teatr aləmindən uzaq tutulsa da 1990-cı illərdə Azərbaycan teatrının özündən söz dedizdirən rejissorlarından biri idi. O zaman Hüseynağa Atakişiyev kimi bir sənətkarın rəhbərlik etdiyi teatrda ağına-bozuna baxmadan nə düşüncəsi vardısa, səhnəyə gətirirdi. 

Azərbaycan səhnəsində absurdizmin ən parlaq nümunələrindən biri olan “Qodo həsrətində” tamaşası ilə 1989-cu ildə Bekketi Azərbaycan tamaçısına ilk sevdirən də elə Əliyar Əliyev olmuşdu.

Onun sənəti, varlığı haqqında çox danışa bilərik. 1962-ci il doğumlu olan Əliyar Əliyev 1984-1989-cu illərdə Azəfbaycan Mədəniyyət və İncəsənət Universitetində Mehdi Məmmədovun dram rejissorluğu fakultəsində oxuyub. Ömrünün 50-ci illərindən sonra Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi də çalışıb. 
İstedadı haqqında çox təəssüf hissi ilə danışa biləcəyimiz adamdır. Nəhayət ki, indi Qusarda Dövlət Ləzgi Teatrının baş rejissorudur. Və mən Aytəkin Alxaslı olaraq, Mədəniyyət naziri Anar Kərimova bu uğurlu təyinat üçün bəri başdan təşəkkür edirəm. 

Əliyar Əliyev deyir ki, "bu rayonda işləmək təklifini özüm seçdim, Qazağa, Lənkərana, Mingəçevirə də gedə bilərdim, amma Qusarı seçdim. Maraqlı yerdi, gözəl insanları var".
Yeni baş rejissoru - daha doğrusu, Qusar teatrının heç vaxt olmayan ilk ali təhsilli baş rejissorunu Qusar teatrının bu günki durumu qəti qane etmir. Ola bilər elə məhz bu kimi nüanslar çoxlarının xoşuna gəlməyə bilər.

Əliyar Əliyevi 30 illik tarixi olan Qusar Ləzgi Dram Teatrında bir nəfər belə ali təhsili aktyor və aktrisanın olmadığı narahat edir:

“30 ildə həvəsi olan gənclərdən birini başa salan olmadı ki, get, ali təhsil al, dövlətin, prezidentin qərarı var, güzəştlər var bu cür mədəniyyət müəssisələrinə. Deyən olmayıb, söhbət aparan, təbliğat aparan olmayıb. Deyim ki, həvəsi olmayıb heç kimin? İnanmıram".

Əliyar Əliyev Qusar teatrı haqqında deyir ki, mən burda Azərbaycanı gördüm, ləzgini gördüm, amma teatrı görmədim:

“Mən Bakıda ailəmi qoyub Qusara gəlməmişəm ki, qaz vurub, qazan doldurum. Mərdimazarlıq etməyə də gəlməmişəm, heç kimi də işindən etmək fikrim yoxdur. Gəllmişəm ki, Qusarda 30 illik tarixi olan Dövlət teatrına öz töhfələrimi verim, ab-havanı dəyişim”.

Əliyar Əliyev hazırda ondan əvvəl teatrın repertuarında olan əsərlərin bərpası ilə məşğuldur. Deyir ki, ondan sonra burada köklü repertuar işinə başlayacağam. Amma…

“Qusar şəhərində mədəniyyət sarayında yerləşən teatrın burada yerləşdiyini yalnız  şəhər sakinləri bilər. Çünki,binanın girişində "Qusar Dövlət Ləzgi Dram Teatrı” yazılan lövhə belə yoxdur. Deyirlər ki, biz burada icarə ilə oturmuşuq, bina mədəniyyət şöbəsinindi. Nolsun? Teatr da Mədəniyyət Nazirliyinindi də. Xarici İşlər Nazirliyinin deyil ki..."

Yeni baş rejissor teatrın qarşıdakı mövsüm üçün planlarından çox danışmasa  da hazırlayacağı bir əsərin adını çəkdi. Yazıçı Elçin Hüseynbəylinin "Qarabağ"əsərini səhnələşdirməyi planlaşdırıb.
Yeri gəlmişkən, Əliyar Əliyev Qusarın icra başçısı Şair Alxasovla görüşmək istəyir. Rayonun rəhbəri kimi ona deyiləcək sözləri var. Amma hələki onun qəbuluna düşə bilməyib. Ümid edirik ki, Şair müəllim Qusar teatrına yeni nəfəs və stil gətirəcək baş rejissorla söhbətləşməkdən çəkinməyəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin